Aqshin Babayev,
filologiya elmləri doktoru, professor
Aqshin Babayev 1936-cı ildə anadan olub.
1959-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub. 1972-1975-ci illərdə Türkiyədə işləyib. Əsas iş yerindən ayrılmadan “Moscow News” qəzetinin xüsusi müxbiri kimi (1969-1979) fəaliyyət göstərib. 1991-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat katibi vəzifəsində çalışıb. 1993-cü il iyun ayının 15-dən oktyabr ayının 3-nə qədər, yəni Ulu Öndərimiz H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilən günədək Onun Mətbuat katibi olub. 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiridir. 2003-cü ildən Ali Attestasiya Komissiyası Ekspert şurasının üzvüdür.
A.Babayev Yazıçılar Birliyi (1978) və Jurnalistlər Birliyinin (1961) üzvüdür. 35 bədii və elmi kitabın müəllifidir. Kitabları - “Kişilər az yaşadı” (1986) Moskvada, “Nazim Hikmətin yaşamı” (1989) və “Əyri gözlük” (2016) Berlində, “Nazim və Azərbaycan” (2012) İzmirdə, hekayələri Amerikada, Türkiyədə, İraqda, Moldovada, Gürcüstanda nəşr olunmuşdur. Türkiyədəki Nazim Hikmət Kültür və Sanat Vakfının fəxri üzvüdür.
A.Babayevin “Xilaskar”, “Oğul”, “Olmuş əhvalat” və s. dram əsərləri Dövlət teatrlarında, habelə Türkiyədə, Gürcüstanda, Dağıstanda nümayiş etdirilib, telepyesləri televiziya kanallarında göstərilib. O, xarici ölkə dramaturqlarının əsərlərini (P.Terensinin “Qardaşlar”, H.Tanerin “Keşanlı Əli dastanı” və s.) dilimizə çevirib.
A.Babayev haqqında Azərbaycanda filologiya üzrə fəlsəfə doktoru Sevinc Abbasovanın “Aqşin Babayev. Həyatı və yaradıcılığı” adlı monoqrafiyası, Türkiyədə Aslan Kavlakın, Fethi Keskinin, Ənvər Nəsrəddinoğlunun və Günay Günerin elmi-tədqiqat əsərləri nəşr olunub.
A.Babayev 1970-ci ildə “Əmək rəşadətinə görə” medalı ilə təltif edilib, 1987-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2004-cü ildə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.