Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin yaranma tarixi Teatr Məktəbinin yaranması ilə (1923) eyni vaxta düşür. ADMİU-nun həmkarlar təşkilatının da 90 illik şərəfli tarixi vardır. Bu təşkilat öz tərkibində professor və müəllim heyəti, laborant və texniki işçilər olmaqla 600-dən artıq üzvü birləşdirir.
Komitə müəllimlərin sosial problemlərinin həllinə, müalicə və istirahətlərinin daha yaxşı təşkilinə diqqət yetirməklə bərabər, universitetdə keçirilən mühüm ictimai-siyasi tədbirlərin təşkilində də fəal iştirak edir. Bu baxımdan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilmiş “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il”, “Novruz Bayramı”, “Məzun günü”, “Qurban bayramı” və digər tədbirləri qeyd etmək olar. Hər il Həmkarlar İttifaqı Komitəsinin və “Bədən tərbiyəsi və idman” kafedrasının birgə təşkilatçılığı ilə universitetin professor-müəllim heyəti arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş spartakiada keçirilir. Bu tədbir yüksək maraqla qarşılanır və respublika səviyyəsində əks-səda doğurur.
ADMİU Həmkarlar İttifaqı Komitəsinin çoxşaxəli iş fəaliyyətinə müəllimlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, ehtiyacı olanlara diqqət və qayğı göstərilməsi, onların sağlamlığının qorunması kimi vəzifələr daxildir ki, bunları da komitə həmişə yerinə yetirməyə çalışır.
Hazırda şöbəyə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səyavuş Məhişov rəhbərlik edir.