Əliyev Fərhad Əli oğlu 1951-ci ilin dekabr ayının 3-də Azərbaycan Respublikası Bərdə rayonunun Alpoud kəndində anadan olmuşdur.
1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-İqtisad fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültənin “Mühasibat uçotu” ixtisası üzrə tam kursunu bitirmişdir.
Əmək fəaliyyətinə 1972-ci ilin avqust ayının 1-dən Respublika Toxumçuluq Birliyində iqtisadçı kimi başlamışdır.
1972-1973-cü illərdə Moskva şəhərində ordu sıralarında hərbi xidmətdə olmuşdur.
1974-cü ilin fevral ayının 11-dən dövlət qulluğunda əmək fəaliyyətini davam etdirmişdir.
1982-ci ilin iyul ayına kimi Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin mərkəzi aparatının Plan-Maliyyə şöbəsində böyük, aparıcı və baş iqtisadçı vəzifələrində çalışmışdır.
1982-ci ilin iyul ayında Azərbaycan Respublikası Ali və Otra İxtisas Təhsili Nazirliyinin Kollegiyasının qərarı ilə həmin nazirliyin Təftiş və Nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1988-ci ilin oktyabr ayına kimi çalışmışdır.
1988-ci ilin oktyabr ayından etibarən hökümətin müvafiq qərarı ilə Ali və Orta İxtisas Təhsili , Maarif Nazirlikləri və Respublika Texniki Peşə Təhsili Komitəsinin bazası əsasında yeni yaradılmış Xalq Təhsili Nazirliyinin Mühasibat uçotu, Hesabat və Nəzarət idarəsində aparıcı iqtisadçı, idarə rəisinin müavini və 1993-cü ildən 2015-ci ilin dekabr ayına kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin Mühasibat uçotu və hesabat sektorunun müdiri vəzifəsində dövlət qulluğunda çalışmışdır.
2016-cı ilin yanvar ayından isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektorun Maliyyə və İqtisadi Məsələləri üzrə maşavir vəzifəsinə təyin edilmişdir.
Əmək fəaliyyəti dövründə tədris, elmi, praktik keyfiyyət göstəriciləri aşağıdakı kimi xarakterizə edilir.
1978-1980-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Komitəsinin Marksizm-Leninizm Universitetinin İdeoloji Kadrlar fakültəsinin İqtisadiyyat şöbəsində təhsil almış və oranı “fərqlənmə” diplomu ilə bitirmişdir.
1990-cı ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin nəzdində Azərbaycan Xalq Təsərrüfatının İdarəetmə İnstitutunu “Müasir idarəetmə üsulları, istehsalın təşkili və planlaşdırılması” ixtisası üzrə bitirmişdir və müvafiq diplom almışdır.
1998-ci ildə MDB dövlətləri üzrə yaradılmış “Sodrujestvo” mühasiblər və Auditorlar Assosiyasına üzv seçilmiş və Rusiya Federasiyasının Moskva şəhərində 1998-ci və 1999-cu illərin may aylarında Kremlin Qurultaylar sarayında keçirilən “Mühasiblərin və Auditorların I və II Qurultayında və 2000-ci ildə yenə də Moskva şəhərində keçirilən mühasiblərin Beynəlxalq toplantısında Azərbaycan Respublikasından nümayəndə” kimi iştirak etmişdir.
2000-ci ilin avqust ayının 31-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən Beynəlxalq Daxili Auditorlar İnstitutuna üzv seçilmişdir və həmin institutun 1048035 saylı Beynəlxalq sertifikatını almışdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 09 iyul 2001-ci il tarixli 1-66 saylı əmri ilə AR Maliyyə Nazirliyində yaradılmış “Mühasibat uçotu və hesabat üzrə metodoloji Şura”nın tərkibinə daxil edilmişdir.
2005-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyində “Azərbaycan Respublikasında mühasibat uçotunun təşkili” tədris proqramı üzrə kurs keçmiş və Maliyyə Nazirliyinini müvafiq sertifikatını almışdır.
2006-cı ilin noyabr ayının 12-dən 17-nə kimi Türkiyənin İstanbul şəhərində keçirilən Dünya mühasiblərinin 17-ci Beynəlxalq Konqresində Azərbaycan nümayəndə heyyətinin tərkibində iştirak etmişdir.
Daxili auditorların “Audit Azərbaycan” İnstitutunun idarə heyyətinin 2011-ci ilin iyun ayında keçirilən iclasında bu institutun idarəetmə nəzarət və fəaliyyət orqanlarının yeni tərkibində ictimai əsaslarla “İntizam komitəsinin sədri” vəzifəsinə təsdiq olunmuşdur.
Respublikamızda uçotun Beynəlxalq Standartlarına keçidi ilə əlaqədar keçirilən Beynəlxalq səviyyəli seminarların iştirakçısı olmuşdur.
İşlədiyi ilər ərzində mühasibat uçotunun təşkili, təkmilləşdirilməsi, uçot əməliyyatlarının avtomatlaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərmiş, tapşırılan işə məsuliyyətlə və yaradıcı yanaşmışdır.
Belə ki, abituriyentlərə kömək üçün nəzərdə tutulmuş və 1984-cü ildə “Maarif” nəşriyyatı tərəfindən 20 çap vərəqində buraxılan “Hansı peşəni seçməli”, “Oxumağa hara getməli” məlumat kitabının, 1984-2015-ci illər ərzində respublikanın müxtəlif nəşriyyatlarında və eləcə də Maliyyə nazirliyinin elmi-praktik jurnalı olan “Maliyyə və uçot” jurnalında çap edilmiş 40-dan çox elmi-praktik məqalə və tezislərin müəllifidir.
“Maliyyə və uçot” jurnalında 2007 (N.1), 2009 (N3), 2010 (N 1) və 2015-ci (N 2, 3) illərdə çap edilmiş məqalələr praktik əhəmiyyətinə və aktuallığına görə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Prezident kitabxanası” nda saxlanılan məqalələrin siyahısına əlavə edilmişdir.
Təhsil Nazirliyində uzun müddətli əmək fəaliyyəti ilə bağlı müxtəlif dövrlərdə kollegiyanın qərarı ilə rəhbərliyin Fəxri fərmanları ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 03 oktyabr tarixli, 1754 №-li sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 2016-cı ilin yanvar ayından işlədiyi dövrdə mühasibat uçotu və hesabat işlərinin mövcud təlimatların tələbləri səviyyəsində qurulması və aparılması istiqamətində səmərəli fəaliyyət göstərir.