ADMİU-NUN PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN NƏŞRLƏRİNDƏN İBARƏT ELEKTRON KİTABXANA İSTİFADƏYƏ VERİLİB
ADMİU-NUN PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN NƏŞRLƏRİNDƏN İBARƏT ELEKTRON KİTABXANA İSTİFADƏYƏ VERİLİB
07.03.2023
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin fondunda mədəniyyət və incəsənət sahələri üzrə komplektləşdirilmiş zəngin sənəd resurslarının böyük əksəriyyəti hazırda yalnız çap formatında kitabxana istifadəçiləri tərəfindən əlçatandır, İnternet vasitəsilə virtual mühitdə təkrar istifadəsi çətindir. Bu problemin səmərəli həlli məqsədilə Kitabxana-İnformasiya Mərkəzi tərəfindən interaktiv nəşrlər yaratmaq üçün ən mükəmməl xidmətlərdən biri olan “Calameo.com” portalında elektron kitabxana təşkil edilib. (https://www.calameo.com/account/dashboard)
Universitetin professor-müəllim heyətinin çap olunmuş kitablarının dünyanın hər yerində əlçatan olmasını təmin etmək üçün virtual kitabxanada onların rəqəmsal variantı yerləşdirilib və online rejimdə oxucuların istifadəsinə təqdim olunub. Bu elektron kitabxananın imkanları çərçivəsində hər bir kitabdan istifadə haqqında statistik məlumatlar əldə etmək mümkündür. Burada yerləşdirilmiş nəşrlərə müraciətlərin dünyanın hansı ölkəsindən edildiyinə dair statistik informasiya da göstərilir. Bununla da, yeni texnologiyaların tətbiqi nəticəsində təşkil edilmiş elektron kitabxana ADMİU-da tədris və elmi-tədqiqat prosesi ilə əlaqədar informasiyanın və müxtəlif mövzuda rəqəmsal resursların geniş istifadəçi auditoriyası üçün əlyetərliyini təmin etməklə yanaşı, onların saxlanmasını, idarə edilməsini və gələcək nəsillər üçün qorunmasını da təmin etmiş olur.
Dəyərli müəlliflər, nəşr olunmuş kitablarınızın axtarışını asanlaşdırmaq və daha geniş istifadəsini təmin etmək istəyirsinizsə, onların elektron variantını (pdf.) Kitabxana-İnformasiya Mərkəzinə təqdim edə bilərsiniz. Unutmayaq ki, mədəni irsin rəqəmsallaşdırılması, qorunub saxlanması və geniş ictimaiyyətə təqdim edilməsi tədris prosesinə və elmi-tədqiqat işlərinə müsbət təsir etməklə yanaşı, son vaxtlar aktual məsələyə çevrilmiş intellektual mülkiyyət və müəlliflik hüquqlarının qorunmasında da mühüm rol oynaya bilər.