Aprelin 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rəssamlıq fakültəsinin müəllimi Şahvələd Əliyevin "Güzgü" karikatura sərgisi keçirilib.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Sərgi tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova Şahvələd Əliyevin bədii və pedaqoji yaradıcılığından danışıb, onun Azərbaycan təsviri incəsənətinin inkişafındakı rolunu vurğulayıb. Karikatura sənətinin daha çətin və məsuliyyətli olduğunu vurğulayan rektor bu sərginin və ümumiyyətlə, Ş.Əliyevin yaradıcılığının onun tələbələri üçün əsl stimul və örnək olacağına inandığını əlavə edib.
Daha sonra tədbirdə Dizayn və Dekorativ-Tətbiqi Sənət kafedrasının Baş müəllimi, Əməkdar rəssam Vüqar Əli və "Təsviri sənət tarixi və nəzəriyyəsi" kafedrasının müdiri, dosent Aslan Xəlilov çıxış edərək Ş.Əliyevin yaradıcılığını yüksək qiymətləndirib, onu yeni sərgisi münasibəti ilə təbrik ediblər.
Çıxışlardan sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.