Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində 25-29 sentyabr 2023-cü il tarixlərində İspaniyanın Kataloniya Politexnik Universitetində baş tutmuş təlimlərdə Azərbaycan universitetlərinin nümayəndələrindən ibarət heyət iştirak edib.
Təlimlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nizami Əsədov və Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov təmsil ediblər.
Noyabrın 17-də ADMİU-da İspaniya səfəri haqqında məlumat tədbiri keçirilib. Tədbir zamanı Nizami Əsədov və Namiq Kərimov təqdimatla çıxış edərək təlim müddətində keçirilmiş görüşlər, Kataloniya Politexnik Universitetində tanış olduqları mühit haqqında ümumi məlumat veriblər. N.Əsədov MediaTIC İnkubatoru və universitet əməkdaşlığının Azərbaycan universitetləri ilə yerli sənayelər arasında əməkdaşlığın təşviqi üçün unikal nümunə olduğunu bildirərək, belə əməkdaşlıq modelinin bilik və resurs mübadiləsini, o cümlədən, praktiki təcrübəni asanlaşdıracağını, sahibkarlıq strategiyalarını daha səmərəli və sənayeyönümlü edəcəyini qeyd edib.
N.Kərimov isə çıxışında Kataloniya Politexnik Universitetinin kurikulum, beynəlmiləlləşmə və tədqiqat fəaliyyətləri ilə bağlı siyasətlərini öz inkişaf strategiyasına daxil edərək sahibkarlıq fəaliyyətində tətbiqi haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Sonda səfərlə bağlı videoçarx nümayiş etdirilərək, müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.