Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş “Maqbet” tamaşasının premyerası keçirilib.
Premyerada Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev və müavini Firudin Qurbanov, Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, millət vəkilləri, tanınmış ictimai xadimlər, digər ali təhsil müəssisələrinin rektorları, xarici qonaqlar, ADMİU-nun rəhbərliyi, professor-müəllim kollektivi, tələbə heyəti iştirak ediblər.
Tamaşadan öncə çıxış edən ADMİU-nun rektoru, Əməkdar İncəsənət Xadimi, professor Ceyran Mahmudova bütün qonaqları salamlayıb, rəhbəri olduğu ali təhsil ocağının yubileyinə göstərdikləri diqqətə görə təşəkkürünü bildirib. Artıq bir ildən çoxdur ki, 100 illiklə bağlı müxtəlif tədbirlərin həyata keçirildiyini deyən xanım rektor göstərilən tamaşanı həmin tədbirlərin məntiqi yekunu kimi qiymətləndirib. Çünki Mədəniyyət və İncəsənət Universiteti 100 il öncə-1923-cü ildə Teatr Məktəbi kimi fəaliyyətə başlayıb və onun təməlində məhz teatr dayanır. ADMİU-nun tələbələrinin bu illər boyunca dəfələrlə Şekspir yaradıcılığını müraciət etdiklərini vurğulayan C.Mahmudova “Maqbet” tamaşasının yeni nəfəsdə, yeni ruhda səhnələşdirildiyini də diqqətə çatdırıb.
Həmçinin, C.Mahmudova ADMİU-nun yubileyinə göstərilən dövlət diqqətindən danışaraq ölkə başçısının 6 iyul tarixində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin keçirilməsi, 13 dekabrda isə universitetin bir sıra professor-müəllim heyətini fəxri adlar, diplom, medal və ordenlərlə təltif etməsini xatırladıb, öz adından və bütün kollektiv adından minnətdarlığını ifadə edib.
AMEA-nın prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli çıxış edərək bütün kollektivi yubiley münasibəti ilə təbrik edib. Mədəniyyət və İncəsənət Universitetinin bir əsrlik ömründə Azərbaycan milli mədəniyyətinə, incəsənətinə layiqincə xidmət göstərdiyini vurğulayan akademik ölkəmizin adını dünyada tanıdan yüzlərlə, minlərlə sənətkarımızın məhz bu universitetin məzunu olduqlarını da diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin ADMİU-nun 100 illiyi ilə bağlı imzaladığı hər iki sərəncamdan söz salan İ.Həbbibəyli bunu mədəniyyətimizə, incəsənətimizə diqqətlə yanaşı, ümumilikdə kulturologiya elminin inkişafına, təhsilə göstərilən qayğı kimi də dəyərləndirib.
Daha sonra qonaqlar V.Şekspirin “Maqbet” əsəri əsasında hazırlanmış eyni adlı faciəyə tamaşa ediblər.
Səhnə əsərinin quruluşçu rejissoru Ceyhun Dadaşov, rejissor köməkçisi Könül Ələkbərova, Ülvi Məmmədli, bəstəkar Türkər Qasımzadə, geyim üzrə rəssam Nəzakət Səfərova, xormeyster Təranə Yusifova, tamaşanın plastik həlli Elnur İsmayılov, Nurlan Rüstəmov, Ceyhun Dadaşov, videoqraf Şövkət Fikrətqızı, Hüseyn Həsənov, Fərid İsmayılovdur.
Tamaşada rolları Əməkdar artistlər Ayşad Məmmədov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Ziya Ağa, o cümlədən, ADMİU-nun tələbə və məzunlarından ibarət heyət canlandırıb, Cadenza orkestri iştirak edib.