Dekabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş “Best of the best” konserti keçirilib.
ADMİU-nun Musiqi sənəti fakültəsinin “Estrada sənəti” kafedrası tərəfindən hazırlanmış konsertdə Mədəniyyət Nazirliyinin əməkdaşı, digər ali təhsil müəssisələrinin nümayəndələri, kollec direktorları, müxtəlif təşkilatların təmsilçiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti iştirak ediblər.
Konsertdə Estrada sənəti kafedrasının tələbə və məzunları Məlik Məmmədov, Sərvər Yılmaz, Bəxtiyar Quliyev, Xasay Şıxıyev, Tamerlan Baxışlı, Elmira Atapour, Lalə İsmayılova, Mütəllim Mütəllimov, Nərmin Məmmədli, Valeriya Hüseynzadə, Aytac Fərəcova, Cavid Məmmədov, Cavad Sultanov, Jalə Quliyevanın ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib.
İfaçıları Estrada sənəti kafedrasının konsertmeysterləri Əməkdar artist Fəridə Hüseynova, Zəhra Parlanova, Rəcəb Zeynalov və Nicat Aslanov müşayiət ediblər.
Tədbirin sonunda çıxış edən konsertin bədii rəhbəri, Estrada sənəti kafedrasının müdiri, professor Məryəm Babayeva hər kəsə təşəkkürünü bildirib, doğma təhsil ocağının 100 yaşı münasibəti ilə rəhbərlik başda olmaqla, bütün kollektivi təbrik edib.