Dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibəti ilə konsert proqramı keçirilib.
ADMİU-nun Musiqi sənəti fakültəsinin “Muğam sənəti” kafedrası tərəfindən hazırlanmış “Sədalansın muğamatım...” adlı konsertdə tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və jurnalistlər iştirak ediblər.
Konsertdən öncə giriş nitqi ilə çıxış edən “Muğam sənəti” kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov hər kəsi salamlayıb və ADMİU-nun 100 illiyi münasibəti ilə təbrik edib. Xalq artisti qeyd edib ki, yubiley münasibəti ilə cari ilin əvvəlindən etibarən silsilə konsertlər, tədbirlər keçirilir və “Sədalansın muğamatım...” konserti də onlardan növbətisidir.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri olan muğam haqqında danışan T.Aslanov muğam sənətinin əsrlərdən bəri ustad və şagird dialoqu əsasında gəlib günümüzə çatdığını qeyd edib və bu konsertin də Şur muğamı üzərində məhz həmin konsepsiyada hazırlandığını nəzərə çatdırıb.
Daha sonra Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Zakir Əliyev və “Muğam sənəti” kafedrasının tələbələri Əvəzxan Əzizov, Rəna Mehralıyeva, Sərxan Mirzəyev, Aynur Ağamalıyevanın ifasında konsert proqramı dinləyicilərə xoş anlar bəxş edib.
İfaçıları Əməkdar artistlər Əliağa Sədiyev (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara), ADMİU-nun Xalq çalğı alətləri kafedrasının müəllimi Pərviz Əlikramoğlu (balaban) və həmin kafedranın tələbələri Aygün Mehmanlı (qanun), Hüsaməddin Əzizov (bəm nağara) müşayiət ediblər.