Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov British Council və Curated Place-in təsis etdiyi “Creative Producers 2023” mükafatına layiq görülüb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov British Council (Britaniya şurası) tərəfindən həyata keçirilən “Creative Producers 2023” layihəsində iştirak edib.
İncəsənət sahəsində yeni layihələri, komandaları və kreativ sənayeni beynəlxalq səviyyədə dəstəkləmək, birgə layihələrin həyata keçirilməsini stimullaşdırmaq məqsədi ilə həyata keçirilən proqramda E.Cəfərov “Katalizator” ArtsHub layihəsi ilə iştirak edib.
Layihənin müxtəlif mərəhələlərindən uğurla keçən iştirakçılar əvvəlcə Serbiyanın paytaxtı Belqrad şəhərində layihə menecmenti, risk menecment, kreativ sənaye, prodüserliklə bağlı 5 günlük təlimlərə qatılıblar.
Proqramın final mərhələsinin qalibi kimi, E.Cəfərov Böyük Britaniyanın Mançester və Liverpul şəhərlərinə səfər edib. Böyük Britaniyanın incəsənət mərkəzi kimi tanınan iki böyük şəhərinin müasir mədəni həyatında mühüm rol oynayan qurumlar, məkanlar, tədbirlər və sənətçilərlə tanışlıq proqram iştirakçılarına Böyük Britaniya təcrübəsinin öyrənilməsi və beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar yaradıb.
Proqramın nəticəsi olaraq, layihə iştirakçıları arasında kiçik qrant müsabiqəsi keçirilib. Bu günlərdə müsabiqənin rəsmi nəticələri elan edilib. Dünyanın müxtəlif ölkələrindən olan 7 iştirakçının Creative Producers proqramı çərçivəsində təqdim etdiyi layihələrə British Council tərəfindən dəstək veriləcək. Nəticələrə əsasən, qaliblər arasında ADMU-nun dosenti Elçin Cəfərov da var. E.Cəfərovun “Katalizator” ArtsHub platformasının ilk layihəsi “Müasir Böyük Britaniya dramaturgiyası: tanıma” adlanır. Azərbaycanda müasir Britaniya dramaturgiyası haqqında təsəvvür yaradılması məqsədi daşıyan layihə çərçivəsində Tom Stoppard, Harold Pinter, Saymon Stephens, Gregory Burke, Sarah Kane, Mark Ravenhill, Martin McDonagh, Peter Shaffer kimi britaniyalı dramaturqların yaradıcılığına həsr olunmuş seminar və pyeslərin teatrallaşdırılmış oxunuşları keçiriləcək. Layihənin yekununda müasir Britaniya dramaturgiyasına həsr olunmuş tədqiqat əsərinin nəşri nəzərdə tutulur.