ADMİU-NUN 100 İLLİYİ TEXNİKİ UNİVERSİTETDƏ QEYD OLUNUB
ADMİU-NUN 100 İLLİYİ TEXNİKİ UNİVERSİTETDƏ QEYD OLUNUB
16.10.2023
Noyabrın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunmuş "Yüzillik" adlı konsert və "ADMİU-100 il" adlı auksion keçirilib.
Tədbirdə hər iki universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.
Konsertə başlamazdan öncə AzTU-nun rektoru professor Vilayət Vəliyev çıxış edərək Mədəniyyət və İncəsənət Universitetinin kollektivini 100 illik yubiley münasibəti ilə təbrik edib, yaradıcı ali təhsil ocağının kollektivini rəhbərlik etdiyi universitetdə görməkdən məmnunluğunu dilə gətirib. ADMİU-nun gələcək fəaliyyətində uğurlar arzulayan rektor iki universitet arasındakı dostluq münasibətindən və işgüzar əlaqələrdən danışıb, bu dostluğun gələcəkdə də davamlı olacağına inandığını vurğulayıb.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxışında qonaqpərvərliyə görə AzTU rəhbərliyinə, şəxsən rektor Vilayət Vəliyevə təşəkkürünü bildirib, 100 illik yubileylə bağlı görülən işlərdən danışıb. Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı cənab Prezidentin müvafiq sərəncamını xatırlayan xanım rektor bu sərəncamın kollektivi çox sevindirdiyini və böyük məsuliyyət olduğunu qeyd edib.
Çıxışının sonunda C.Mahmudova AzTU-nun rektoruna ADMİU-nun müəllim və tələbələrinin əl işlərindən ibarət xatirə hədiyyələri təqdim edib.
Daha sonra tədbir iştirakçıları ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsertə tamaşa ediblər.
Tədbir ADMİU-nun Rəssamlıq fakültəsinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının hazırladığı auksionla davam edib.