Ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti beynəlxalq kitab bayramının açılış mərasimi baş tutub. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə ədəbiyyat sahəsinə, yazarlara, kitab sənayesi, bütövlükdə nəşriyyat fəaliyyətinin inkişafına ciddi dəstəyin ən bariz nümunəsi olan və 2009-cu ildə əsası qoyulmuş Bakı Beynəlxalq Kitab Sərgisi bu il 9-cu dəfədir ki təşkil olunur. Kitabla bağlı hər kəsi – naşirləri, yazarları, kitabın çapı, yayımı ilə məşğul olan təsisatları, kitabxanaları, universitetləri, nəhayət oxucuları bir araya gətirib. Sərgidə ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi öz stendi ilə təmsil olunur. Noyabrın 11-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən açılış mərasimində ölkəmizin görkəmli elm adamları, xarici dövlərlərin səfirləri, millət vəkilləri, tanınmış mədəniyyət və ədəbiyyat nümayəndələri, o cümlədən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova iştirak ediblər. Tədbirin ilk günündə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi konfrans və “Heydər Əliyev – 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib. Konfransda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, Milli Məclisin deputatları, professorlar Anar İsgəndərov və Hikmət Babaoğlu çıxış ediblər.
Beynəlxalq kitab sərgisində ADMİU-nun stendində Ümummilli liderimizin mədəniyyət siyasətini əks etdirən nəşrlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində xalqımızın əzmkar qələbəsi və şəhidlərimizin ölməz xatirəsindən bəhs edən kitablar, eləcə də bu il 100 illik yubileyi tamam olan ADMİU-nun professor-müəllim heyətinin əsərlərindən ibarət nəşrlər ziyarətçilərin diqqətinə çatdırılıb. Ölkəmizin bir çox universitet kitabxanaları, yerli və xarici nəşriyyatlar, o cümlədən kitab mağazalarının təmsil olunduğu sərgidə mədəniyyət və incəsənətə dair dəyərli əsərlər kitabsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə ADMİU-nun Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müdiri, dosent Səyavuş Məhişov, Kitabxana-İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərova və biblioqrafı Natiq Mürsəlov iştirak ediblər.