Noyabrın 1-dən etibarən Azərbaycanda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir.
Noyabrın 3-də festival münasibəti ilə Bakıda olan TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının rəhbərləri və TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı Mədəniyyət və İncəsənət Universitetində qonaq olublar.
Qonaqları ADMİU-nun yeni yaradılmış TÜRKSOY kafedrasında salamlayan rektor Ceyran Mahmudova onları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib və universitet haqqında məlumat verib. Bu il ADMİU-nun da 100 illik yubileyini qeyd etdiyini deyən xanım rektor bu əlamətdar ildə görülən işlərdən bəhs edib və TÜRKSOY, eləcə də TÜRKSOY-a üzv ölkələrlə əməkdaşlıq əlaqələrinin bundan sonra da daha sıx şəkildə davam edəcəyinə inandığını vurğulayıb.
Qeyd olunub ki, Festival Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir. Bakı teatrlarında türk ölkələri kollektivlərinin tamaşalarının nümayişi davam edir.
Noyabrın 4-dək davam edəcək Festivalda TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edirlər.
Görüşdə iştirak edən Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov TÜRKSOY tərəfindən keçirilən ilk teatr festivalını bayram adlandırıb və bildirib ki, bu bayram günümüz üçün böyük mədəniyyət hadisəsidir.
Daha sonra qonaqlar universitetlə yaxından tanış olub, Teatr sənəti fakültəsində keçirilən dərslərdə iştirak ediblər.
Qırğızıstanın Əməkdar artisti Nazım Mendebairov, Qazaxıstandan professor Saniyə Kabdiyeva, Türkiyədən Mustafa Bal və digər qonaqlar Bakıda olmaqlarından məmnunluq duyduqlarını bildirib, səmimi qonaqpərvərliyə görə ADMİU rəhbərliyinə təşəkkür ediblər. Onlar Azərbaycanın belə bir mötəbər ali təhsil ocağında TÜRKSOY kafedrasının olmasını əlamətdar hadisə hesab ediblər.
Sonda qonaqlara universitet rəhbərliyi tərəfindən xatirə hədiyyələri təqdim olunub.