Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi oktyabrın 29-da “Gülüstan” sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən Musiqi Forumunun açılış mərasimində iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində oktyabrın 29-dan 31-dək gerçəkləşəcək forum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Adil Kərimli Musiqi Forumunun ölkəmiz üçün əhəmiyyətindən söz açıb. Bildirib ki, mədəniyyət milli kimliyi ehtiva edən əsas keyfiyyətlərdən biridir. O qeyd edib ki, Prezident İlham Əliyevin siyasi rəhbərliyi ilə bu gün musiqi sahəsində çalışan əməkdaşların sosial durumunun yaxşılaşdırılması, onlara digər qayğı məsələləri öz həllini tapmaqdadır.
Daha sonra Forum panel sessiyalarla davam edib.
ADMİU-nun rektorunun müşaviri, Cadenza kamera orkestrinin bədii rəhbəri, bəstəkar Türker Qasımzadənin moderatorluğu ilə keçirilən "Azərbaycanda musiqi təhsili - bəstəkarlıq və ifaçılıq məktəbləri" panelində "Ölkədəki musiqi təhsili sisteminin nailiyyətləri və çətinlikləri", "Ali musiqi təhsili: yeni peşə yönümləri və ixtisaslaşmalar tələbi qarşısında", "Bəstəkar musiqisinin ifaçılıq problemləri: aktual problemlər və onların həlli yolları", "Musiqi repertuarının zənginləşdirilməsi və bəstəkarlara dövlət sifarişləri sisteminin yenilənməsi", "Azərbaycanda bəstəkar musiqisinin nəşri, səs yazısı və yayımlanma problemləri" mövzuları müzakirə olunub.
Həmin panelin spikerlərindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova çıxış edərək forumun əhəmiyyətindən danışıb, mövzu ilə bağlı fikirlərini bölüşüb.
Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri Turxan Süleyman, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar, Xalq artisti Sərdar Fərəcov, Bakı şəhəri Fikrət Əmirov adına 6 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru, professor Adilə Yusifova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, bəstəkar Tahir İbişovun da iştirak etdiyi paneldə qeyd edilən mövzular ətrafında fikir mübadiləsi aparılıb, mövcud problemlərin həlli yolları araşdırılıb və Forum iştirakçılarının sualları cavablandırılıb.
Paneldə bəstəkarların əsərlərinin alınması, bəstəkarlara musiqi sifarişlərinin verilməsi, gənc bəstəkarların əsərlərinin çapı, musiqi dərsliklərinin hazırkı vəziyyəti, musiqi məktəblərində mövcud problemlər, televiziya kanallarında musiqimizin düzgün təbliği məsələləri əsas müzakirə mövzusu olub.