ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcovanın yeni “Azərbaycanın qayaüstü incəsənət dünyası” adlı kitabı çapdan çıxıb. Azərbaycan, ingilis və rus dillərində nəşr edilən kitabda ölkəmizin ərazisində yerləşən qayaüstü incəsənət abidələrinin öyrənilməsi, qayaüstü təsvirlərin elmi sənədləşdirilməsi, qayaüstü incəsənətin bölgələri və abidələrin mühafizəsinin təşkili problemləri araşdırılır. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan nəşrdə Azərbaycanın qayaüstü incəsənət abidələrinin kəşfi, qayaüstü təsvirlərin işlənmə texnikası və yaşının müəyyən edilməsi ilə bağlı dəyərli təhlillər diqqəti cəlb edir. Həmçinin, Qobustan, Abşeron-Qala kəndi, Gəmiqaya və Kəlbəcərdə qayaüstü incəsənət abidələrinin muzeyləşdirilməsi və onlardan turizm sahəsində istifadə məsələləri kitabda geniş şərh olunur. Multidissiplinar tədqiqat əsəri kimi bu nəşr Sənətşünaslıq (təsviri sənətin tarixi və nəzəriyyəsi), Muzey, arxiv işi və abidələrin qorunması və Turizm bələdçisi ixtisasında təhsil alan tələbələr üçün dəyərli mənbədir. Kitabdan ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin oxu zalında istifadə etmək olar.