25-29 sentyabr tarixlərində Rusiyada Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti tərəfindən təşkil edilən "Yüksəliş" adlı beynəlxalq tələbə film festivalı keçirilib. MDB ölkələrinin iştirakı ilə keçirilən festivalda 43 film müsabiqəyə qoşulub. Ən yaxşı bədii film nominasiyası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təqdim etdiyi "Salam, İsa" adlı film birinci yerə layiq görülüb. Mükafatı dünya şöhrətli serbiyalı kinorejissor Emir Kusturittsa təqdim edib. Bununla yanaşı, ADMİU-nun operator sənəti ixtisası üzrə təhsil alan tələbəsi Roman Moçalov "Optimizm və həyat sevinci" nominasiyası üzrə diplomla təltif edilib.
Həmçinin, Özbəkistanda keçirilən XV Daşkənd Beynəlxalq Film Festivalının da qalibi ADMİU-nun tələbələri olublar.
Tədbirə dünyanın 52 ölkəsindən, o cümlədən Azərbaycandan 500-dən çox kinemotoqrafçı, tanınmış aktyorlar, rejissor, operator, kino sahəsinin tanınmış simaları qatılıb.
Mədəniyyət Nazirliyinin rəsmi nümayəndələrinin də iştirak etdiyi "İpək Yolunun mirvarisi" Daşkənd Beynalxalq Film Festivalında “5 günə film” qısametrajlı film beynəlxalq müsabiqəsi elan olunub.
Müsabiqədə Azərbaycanı Mədəniyyət və İncəsənət Universitetinın tələbələri, rejissor Şirin Əhmədli, operator Yusif Qasımlı təmsil ediblər.
Müsabiqənin şərtlərinə uyğun olaraq beş gün ərzində “Yüz addım” qısametrajlı filmi çəkilib və birinci yerə layiq görülüb.
Müsabiqənin 3000 dollar məbləğində əsas pul mükafatı gənc sənətçi-tələbələrə təqdim edilib.
Tələbələrin uğurları ilə yanaşı, ADMİU-nun kafedra müdiri, dosent Elnur Mehdiyevin konfransda və dəyirmi masada yüksək elmi-metodoloji səviyyədə çıxışına görə ADMİU fəxri diplomla təltif edilib.