“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu sentyabrın 29-da “LİBRAFF” Kitab Mərkəzində görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilmiş tədbir keçirib. Tədbirdə 1941-ci ildə dahi Nizaminin 800 illik yubileyi münasibəti ilə Mir Cəlalın “Xəmsə”dən uşaqlar üçün nəsrə çevirdiyi hekayələr toplusunun yeni tərtibatda təqdimatı olub. Hekayələr toplusu iki kitab–təsviri sənət ustası Oqtay Sadıqzadənin orijinal illustrasiyaları tam yeni tərtibatda təqdim olunub. Hekayələrdən biri- “Fitnə” həm də ingilis dilində çap edilib.
Tədbirdə çıxış edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva bildirib ki, Nizaminin gözəl və müdrik, sirli-sehrli poeziya dünyası əsrlərdir ki, öz misilsiz cazibə qüvvəsini qoruyub saxlayır. Bu sehrli dünyanın uşaqlara əlçatan edilməsi üçün ilk təşəbbüs Mir Cəlal tərəfindən 1940-cı ildə göstərilib. Şairin dahiyanə yaradıcılıq nümunələrini uşaqların anlaya biləcəyi nəsr şəklində qələmə alması ideyası Mir Cəlalın tək Nizami yaradıcılığına böyük sevgisi deyil, həm də gənc oxuculara məhəbbətindən irəli gəlirdi.
Tədbirdə çıxış edən “Ədibin Evi”nin həmtəsisçisi, Bakı Dövlət Universitetinin professor Təhsin Mütəllimov Mir Cəlalın Nizami yaradacılığına mütəmadi müraciət edərək dahi şairin humanizm ideyaları, bəşəri dəyərləri əks etdirən ədəbi xəzinəsini üzə çıxarmaq istiqamətində vacib tədqiqatlarından söz açıb. O, qeyd edib ki, uşaqların kitabxanasına əlavə edilən yeni nəşrlər anlaşıqlı, sadələşdirilmiş dildə yazılasalar da, məna yükü böyük ustalıqla saxlanılıb.
Xatirə tədbirində, həmçinin, Mir Cəlalın ssenarisi əsasında 1943-cü ildə çəkilən “Bir ailə” filmindən də danışılıb. Sənətşünas-tənqidçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru İlham Rəhimli II Dünya Müharibəsində qazanılan qələbədə Azərbaycan xalqının rolunu vurğulayan “Bir ailə” filminin Sovet senzurası tərəfindən ekranlara buraxılmadığını bildirib. Mir Cəlalın ssenarisi filmdə üç müxtəlif hekayə vasitəsi ilə xalqımızın əzmkarlığı, şücaəti, onun sərvəti və ən əsası, insanlarının qəhrəmanlığının o zaman Sovet tənqidçiləri tərəfindən həzm edilmədiyini qeyd edib. Azərbaycan tərəfindən illər sonra bərpa edilən film hazırda Milli Kino Arxivimizin dəyərli nümunələrindən biridir.
Filmdə ilk işi olan bəstəkar Qara Qarayevin musiqilərindən biri tədbirdə Azərbaycan Milli Konservatoriyasının müəllimləri Rüstəm Müslümov (tar), Elvin Fəridli (piano) və tələbə Səyyar Teymurov (nağara) tərəfindən ifa edilib.
Tədbirin bədii hissəsində ADMİU-nun tələbələri Mir Cəlalın “Xoşbəxtlik barədə” hekayəsini səhnəcik şəklində təqdim edib, rejissor və aktyor Kamal Yaşarın qiraətində Azərbaycan poeziyasının nümunələri dinlənilib.