XIII Qəbələ Musiqi Festivalının proqramına uyğun olaraq, iyulun 28-də Heydər Əliyev Konqres Mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.
Festivalın təşkilatçı qurumlarının təmsilçilərinin, yerli musiqisevərlərin və şəhərin qonaqlarının iştirakı ilə keçən konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.
Onların arasında Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kurs magistr tələbəsi Cəlil Bəşirli də var. Müəllim Umud İbrahimovun tələbəsi olan C.Bəşirli konsertdə tar alətində ifa edib.
Konsertdə Fikrət Əmirovun, Firəngiz Əlizadənin, həmçinin P.Çaykovskiy, H.Vieuxtemps, G.Bizet, V.Horovits, V.Monti, R.Şuman, Ch.Gounod, L.Əhmədova, T.Əhədova, R.Əhmədzadə və digər bəstəkarların əsərləri səsləndirilib.