İyunun 20-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevlə süni intellekt və onun incəsənət sahələrinə təsiri barədə görüş keçirilib. Görüşdə universitet rəhbərliyi, professor-müəllim heyəti, eləcə də İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları iştirak ediblər.
Görüşü giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonağı salamlayıb və dəvəti qəbul edib gəldiyi üçün təşəkkürünü bildirib.
Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları olan mədəniyyət xadimləri ilə görüşdən olduqca məmnunluq duyduğunu ifadə edən akademik R.Əliquliyev görüşün mövzusuna uyğun olaraq süni intellekt haqqında danışıb və onun mədəniyyətin, incəsənətin müxtəlif sahələrinə təsirlərindən bəhs edib. Yaxın gələcəkdə süni intellektin həyatımızın bütün sahələrinə olduğu kimi incəsənətin də musiqi, kino, rəssamlıq və digər sahələrinə birbaşa təsir edəcəyini və ənənəvi üsulları dəyişdirəcəyini bildirən akademik bunun müsbət və mənfi tərəflərini iştirakçıların nəzərinə çatdırıb.
Görüşdə ADMİU-nun “Muğam sənəti” kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov, “Teatrşünaslıq” kafedrasının müdiri, professor Aydın Talıbzadə, professor Məryəm Əlizadə, “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, Xalq rəssamı Arif Əziz, Rəssamlıq fakültəsinin “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının baş müəllimi Mir Azər Abdullayev, “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, professor Kamilə Dadaşzadə, Əməkdar İncəsənət Xadimi, ADMİU-nun dosenti Ayaz Salayev və başqaları mövzu ilə bağlı onları maraqlandıran sualları akademikə ünvanlayıb, həmçinin, öz fikir və düşüncələrini də bölüşüblər.
Görüş diskussiya şəklində davam edib.
Sonda maraqlı görüş və söhbət üçün akademik R.Əliquliyevə öz təşəkkürünü bildirən rektor C.Mahmudova ona xatirə hədiyyəsi təqdim edib.