ADMİU-DA “TƏDRİS İŞLƏRİ” MÖVZUSUNDA MƏLUMATLANDIRMA GÜNÜ
ADMİU-DA “TƏDRİS İŞLƏRİ” MÖVZUSUNDA MƏLUMATLANDIRMA GÜNÜ
21.06.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində “Tədris işləri” mövzusunda məlumatlandırma günü təşkil edilib.
ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu ilə icra edilir və Erasmus+ proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı yaratmaqla universitetlər və bütün digər maraqlı tərəflər arasında milli şəbəkələşməni və əməkdaşlığı inkişaf etdirməkdir.
Layihə tərəfindən tərəfdaş Avropa rektorlar konfranslarının təcrübəsini öyrənmək məqsədi ilə təlimlər təşkil olunur.
13-17 mart 2023-cü il tarixlərində Litvanın Mykolas Romeris Universitetinin (MRU) təşkilatçılığı ilə Vilnüs şəhərində “Tədris işləri” mövzusunda təlim və seminarlarda iştirak etmiş layihənin “Tədris işləri” üzrə komitəsinin sədr müavini, ADMİU-nun Tədris işləri üzrə prorektoru Nigar Rüstəmova və layihənin “Tədris işləri” üzrə komitəsinin üzvü, ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin müdiri Nizami Əsədov səfərdə əldə etdiyi təcrübə və məlumatları universitetin akademik və inzibati heyəti ilə bölüşüblər.
N. Rüstəmova və N.Əsədov tədbirdə çıxış edərək, Litvanın ali təhsil sistemi, Litvada ali məktəblərin milli akkreditasiya sistemi, Litva Rektorlar Konfransında fəaliyyət göstərən Tədris işləri üzrə komitəsinin rolu, Mykolas Romeris Universitetinin daxili keyfiyyət təminatı sistemi və pedaqoji heyətinin peşəkar inkişafı haqda ətraflı məlumat veriblər.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.