İyunun 7-də Türkiyənin Üsküdar Universitetinin rektoru professor Nazife Güngör Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qonaq olub. Qonaqları salamlayan universitetin rektoru, professor Ceyran Mahmudova onları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib və universitet haqqında məlumat verib, ADMİU-nun Türkiyənin bir sıra tanınmış universitetləri ilə qarşılıqlı əməkdaşlıq etdiyini, birgə layihələr həyata keçirdiyini qeyd edib. O, Üsküdar Universiteti ilə də ölkələrimizə fayda verəcək və əməkdaşlığı daha da möhkəmləndirəcək layihələr icra ediləcəyinə əminliyini bildirib.
Üsküdar Universitetinin rektoru Nazife Güngör də rektor kimi ilk səfərini Azərbaycana, ADMİU-ya etməkdən məmnun olduğunu bildirib.
Tərəflər arasında birgə tədqiqat layihələrində iştirak və onların nəticələrini dərc etmək, birgə seminar, konfrans, müsabiqə və tələbələrin şəxsi işlərinin sərgilərinin təşkili, animasiya, audiovizual sənətlər istiqamətində mühazirələrin təşkili üçün aparıcı professorların dəvət olunması, gənc müəllimlərin təliminin təşkili, magistratura və doktorantura proqramları üzrə əməkdaşlıq və sair kimi məsələlər müzakirə edilib.
Sonda rektor Ceyran Mahmudova qonaq həmkarına xatirə hədiyyəsi təqdim edib.