İyunun 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Müasir muzeylərin inkişaf tendensiyaları” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada ADMİU-nun rektoru professor Ceyran Mahmudova, Tədris işləri üzrə prorektor Nigar Rüstəmova, Elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva, Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Mədəniyyət Nazirliyinin “Muzey və daşınan mədəni irs” sektorunun müdiri Altun Mikayıllı, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova, İçərişəhər Tarix Memarlıq Qoruğunun nəzdində fəaliyyət göstərən İçərişəhər Muzey Mərkəzinin direktor müavini Məlahət Fərəcova, Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, ADMİU-nun Muzeyşünaslıq kafedrasının müdiri, dosent Yeganə Eyvazova, həmin kafedranın müəllimi, dosent Elfira Məlikova, “Turizm və kitabxana informasiya texnologiyaları” kafedrasının dosenti Nəzirə Əliyeva və başqaları iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan rektor Ceyran Mahmudova qonaqları salamlayıb və dəvəti qəbul edib təşrif buyurduqları üçün təşəkkürünü bildirib. Rektor çıxışında qeyd edib ki, müasir muzeylərin mövcudluğunu yeni texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Bu, müasir muzeylərin inkişaf dinamikasının mühüm tendensiyalarından birini təşkil edir. Rəqəmsallaşdırmaya istinad edən yeni texnologiyalar muzeylərin bütün istiqamətlərini əhatə edir. Belə bir şərait üçün muzey kadrlarının hazırlığı da məsuliyyət tələb edir. Məhz bu aspekt hazırki Dəyirmi masanın ADMİU-nun təhsil və tədris proqramı çərçivəsində keçirilməsini zəruri edir.
Çıxışının davamında qonaqlara- muzey direktorlarına müraciət edən rektor onlara sual verib ki, rəhbərlik etdiyiniz müəssisəyə təcrübəyə təhkim olunmuş təcrübəçi tələbələrin elmi-nəzəri, interaktiv biliklərindən razısınızmı? Bu istiqamətdə nə kimi təklif və tövsiyələriniz var?
Sonra “Turizm və kitabxana informasiya texnologiyaları” kafedrasının dosenti N.Əliyeva muzeylərin rəqəmsallaşdırılması mövzusunda məruzə ilə çıxış edib, tələbələrə hazırda bu istiqamətdə tədrisin necə aparıldığından danışıb.
Nazir müşaviri C.Səlimxanov dünya təcrübəsinə əsaslanan bir sıra maraqlı təklif və tövsiyələrlə çıxış edib, mövzu ilə bağlı fikir və düşüncələrini bölüşüb.
Sonra növbə ilə muzey direktorları və qonaqları mövzu ilə bağlı fikirlərini bölüşüb, xüsusən kadrların hazırlanmasında yaranan problemlərdən söz açıb, öz təkliflərini irəli sürüblər.
Sonda hər kəsə təşəkkürünü bildirən rektor C.Mahmudova bildirib ki, onların bütün tövsiyələri nəzərə alınacaq: “Ümidvarıq ki, bizim birgə fəaliyyətimiz muzey işinin tədrisində daha əlverişli strategiyanın formalaşmasına kömək edəcək”.