30-31 may tarixlərində “Naxçıvan Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalı keçirilib.
Naxçıvan şəhərindəki Əcəmi seyrangahında keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini Tural Rzayev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Kərimov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimov iştirak ediblər.
Bildirilib ki, "Naxçıvan-Bəşəriyyətin Beşiyi" Beynəlxalq Rəsm Festivalı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Festivala Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Rusiya, Finlandiya və Latviyadan 58 rəssam qatılıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsi “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının baş müəllimi Mir-Azər Abdullayev də festivalda uğurla iştirak edib.
Festivalın açılış mərasimində muxtar respublikanın mədəniyyət kollektivləri tərəfindən musiqi və rəqs nümunələri təqdim edilib.
Sonra festivalın yaradıcılıq hissəsinə başlanılıb. İştirakçılar rəsm əsərləri ilə tanış olublar.
Növbəti gün festivalda çəkilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış olub, iştirakçılara diplom və hədiyyələr təqdim edilib.