XALQ RƏSSAMI ARİF ƏZİZ "LEONARDO DA VİNCHİ" ORDENİ İLƏ TƏLTİF EDİLİB
02.06.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsi “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor, Xalq rəssamı, professor Arif Əziz 80 illik yubileyi ilə əlaqədar Hökümətlərarası Ali Elmi Şura və UNESCO yanında fəaliyyət göstərən “Yeni era” Dünya Rəssamlıq Akademiyasının “Leonardo da Vinchi” ordeni ilə təltif edilib. Orden Avropa İntibahının dahisi, görkəmli rəssam, mühəndis və ixtiraçı Leonardo da Vinchinin yubileyi ilə əlaqədar təsis edilib, dünya incəsənətinin inkişafına əhəmiyyətli töhfələr verən və təsviri sənətlər, mədəniyyət və elm sahələrində xüsusi xidmətləri olan xadimlərə təqdim olunur.
Müasir Azərbaycan incəsənətində Xalq Rəssamı, “Şöhrət” ordenli, professor Arif Əzizin yaradıcılığı xüsusi əhəmiyyətə malikdir. XX əsrin 1970-ci illərindən başlayaraq Arif Əziz dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, ciddi tərzdə Azərbaycan incəsənətinin müasir mənzərəsinin formalaşmasına təsir göstərməkdədir.