ERASMUS TƏLƏBƏ ŞƏBƏKƏSİ ADMİU-DA İNFOSESSİYA KEÇİRİB
ERASMUS TƏLƏBƏ ŞƏBƏKƏSİ ADMİU-DA İNFOSESSİYA KEÇİRİB
24.05.2023
Mayın 23-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Erasmus Tələbə Şəbəkəsi Azərbaycan tərəfindən təşkilatın fəaliyyət istiqamətləri, Erasmus + beynəlxalq mübadilə proqramı, Erasmus Mundus Birgə Magistr proqramı, Erasmus+ gənclik və Avropa Həmrəylik Korpusu proqramları barəsində məlumat sessiyası keçirilib.
Tədbirin əsas məqsədi ADMİU-də təhsil alan tələbələr arasında təşkilatın fəaliyyətləri, müxtəlif proqramlar vasitəsi ilə Avropa ölkələrində təhsil və ya könüllülük təcrübəsi qazanmaq, həmçinin, müxtəlif təlimlərdə iştirak imkanları haqqında məlumatlılığı artırmaq və onların mövcud suallarını cavablandırmaq olub.
İnfosessiya zamanı Erasmus Tələbə Şəbəkəsi Azərbaycanın əməkdaşları şəbəkənin əsas fəaliyyət istiqamətlərindən, son dövrlərdə icra edilmiş layihələrdən və Avropa ölkələrində təhsil almaq və təcrübə əldə etmək yollarında tələbələrə necə dəstək ola biləcəkləri barədə iştirakçılar məlumatlandırıblar.
Tədbirdə təşkilatın layihələr üzrə meneceri Kübra Rəsul, üzvləri, ADMİU-nun əməkdaşları və maraqlı tələbələri iştirak ediblər.