"İNTERMEDİALLIQ MƏSƏLƏLƏRİ. MUSİQİ VƏ ƏDƏBİYYAT" MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ
"İNTERMEDİALLIQ MƏSƏLƏLƏRİ. MUSİQİ VƏ ƏDƏBİYYAT" MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ
26.10.2016
25 oktyabr 2016-cı il tarixində Qərb Universiteti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə "İntermediallıq məsələləri, Musiqi və Ədəbiyyat” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirmişdir.
Konfrans ADMİU-nun tələbələrindən ibarət muğam üçlüyünün ifası ilə açıq elan edildi.
Konfransda hər iki ali məktəbin professor-müəllim və tələbə heyəti ilə yanaşı, Tokio İncəsənət Universitetinin (Yaponiya), Gürcüstan Dövlət Folklor Mərkəzinin (Gürcüstan), Ural Federal Universitetinin (Yekaterinburq, Rusiya Federasiyası), İslam Azad Universiteti Qum filialının (İran), AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, Azərbaycan Milli Konservatoriyasının mütəxəssisləri və xüsusi dəvət olunmuş qonaqlar iştirak edirdilər.
Qerb Universitetinin rektoru, dosent Zenfira Məmmədova gələn qonaqları salamladıqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq doktoru, professor Fərəh Əliyeva çıxış edərək intermediallıq məsələsini mədəniyyət sistemində ədəbi məkan kimi qiymətləndirib, ədəbiyyat və musiqinin, ümumiyyətlə, incəsənətin bütün sahələrinin vəhdətindən ətraflı danışaraq konfransın işinə uğurlar arzuladı.
Çıxış üçün ilk söz Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynova verildi. "Orta əsr Mərkəzi Asiyadakı mədəni transferə ortaq muğam və poeziya mühitinin təsiri” mövzusunda çıxış edən akademik "Muğam və ədəbiyyat” sahəsində apardığı araşdırmaların xülasəsindən danışaraq muğamın geniş coğrafi arealı əhatə etməsini, hətta ərəb, fars dili ilə yanaşı, mədəni tərəqqidə 3-cü bir dil olan muğam dilinin də rolunu xüsusi olaraq vurğuladı.
Daha sonra etnomusiqişünaslıq üzrə fəlsəfə doktoru, Tokio İncəsənət Universitetinin fəxri professoru Geniçi Tsuge "Baburnaməyə yenidən baxış” başlıqlı məqalə ilə çıxış etdi.
Konfrans seksiya iclasları ilə davam etdi. İntermediallıq poetikası, Azərbaycan mədəniyyətində musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi, Azərbaycan muğamı və aşıq yaradıcılığında musiqi ilə poeziyanın qarşılıqlı əlaqəsi, musiqi və bədii ədəbiyyat, musiqi və poeziya, qəzəl və muğam, musiqi və dramaturgiya, ədəbiyyat – kino – musiqi, bəstəkar və ədib, bədii forma məsələləri mövzusunda məruzələr dinlənildi və elmi müzakirələr aparıldı. ADMİU-nun professor-müəllim heyəti də konfransda öz məruzələri ilə çıxış edib, müzakirələrdə yaxından iştirak etdilər.