Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində “Sonsuz dəhliz” filmi nümayiş olunub.
Universitetin professor-müəllim, tələbə heyətinin və Estetik Tərbiyə üzrə Respublika Tədris - Metodik Mərkəzi Təsviri sənət şöbəsinin müdiri İntiqam Babayevin iştirak etdiyi tədbirdə Xocalı faciəsinin yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vəhşilik olduğu və bu soyqırımın gənclərin yaddaşına həkk edilərək, hər zaman anılmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, litvalı rejissor Aleksandras Brokasın Xocalı soyqırımından söz açan sənədli filmi “Sonsuz dəhliz”, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində hazırlanıb. Litvalı jurnalist Riçardas Lapaytis 23 il əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını işıqlandırıb, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb və ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də yaxınlarını itirən insanların hekayələrini dinləyib. Filmin süjeti real hadisələr və kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyanın məqsədi Xocalı Soyqırımı, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və nəticələri ilə bağlı beynəlxalq maarifləndirmənin artırılmasından ibarətdir. Kampaniya çərçivəsində Xocalı Soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi istiqamətində, eləcə də soyqırım qurbanlarının xatirəsinin yad edilməsinə həsr edilmiş çoxsaylı beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilir.
“Sonsuz dəhliz” filmi professor-müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb, “Xocalıya ədalət!” kampaniyasının həyata keçirilməsini yüksək dəyərləndilərək bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan biri olduğu vurğulanıb.