ADMİU “TÜRKSOYLU XALQLARIN MUSİQİ MƏDƏNİYYƏTİNİN TƏDQİQİ PROBLEMLƏRİ” XV BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANSINI KEÇİRİB
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ənənəvi olaraq “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” XV Beynəlxalq elmi-praktiki konfransını keçirib. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutan bu ilki konfrans Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunub.
Konfransı Universitetin rektoru professor Fərəh Əliyeva açaraq, hər il ənənəvi keçirilən konfransın əhəmiyyətindən, bu dəfə də təqdim ediləcək məruzələrin aktual məsələlərə həsr olunduğunu qeyd edərək, Konfransın Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamına əsasən təşkil edildiyini vurğalayıb. Rektor bildirib ki, belə tədbirlərin təşkili gənclərin elmi potensialını üzə çıxarmaq, onların araşdırmalarına dərindən nəzər salmaq, əldə etdikləri təcrübələri elmdə tətbiq etmək, eyni zamanda, musiqi sahəsində gedən prosesləri izləmək baxımından son dərəcə zəruri və təqdirəlayiqdir.
Daha sonra konfransda ADMİU ilə AMEA-nın Nizami adına Ədəbiyyat və Memarlıq və İncəsənət institutları arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Daha sonra tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli türksoylu xalqların ortaq tarixi köklərə, böyük mədəniyyət və çoxəsrlik ənənələrə malik olduqlarını vurğulayaraq, müstəqillik illərində türksoylu xalqların elmi-mədəni, ədəbi və iqtisadi əlaqələri bərpa olunaraq daha da inkişaf etdiyini qeyd edib. Akademik bu konfransın bütün türk dünyasını düşündürən aktual məsələlərə həsr olunduğunu qeyd edərək, tədbirin xüsusi önəm kəsb etdiyini, imzalanan memorandumun elmlə təhsilin inteqrasiyası baxımdan əhəmiyyətini vurğulayıb.
Beynəlxalq konfransda Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Malik Quliyev və Yunus Əmrə İnstitutunun Bakı filialının direktoru İbrahim Yıldırım çıxış edərək bildiriblər ki, Türk xalqlarının oxşar dil və vahid dinə malik olmaları bu regionların elmi və mədəni əlaqələrinin zənginləşməsinə, daha da yaxınlaşmasına, birbirindən bəhrələnməsinə yol açıb.
Konfrans öz işini “Türksoylu xalqların ənənəvi musiqi mədəniyyətində janrlararası əlaqələr”, “Bəstəkar yaradıcılığı və ifaçılıq məsələləri”, “Birinci Türkoloji qurultay və ümumtürk mədəniyyətinin prioritetləri” və “Türksoylu xalqların bədii mədəniyyəti: ənənə və müasirlik” başlıqlı 4 seksiya üzrə davam etdirib. Tədbirdə musiqi pedaqogikası, müqayisəli sənətşünaslıq, musiqi tarixi və nəzəriyyəsi, etnomusiqişünaslıq və digər istiqamətləri əhatə edən 100-ə yaxın məruzə dinlənilərək, geniş fikir mübadiləsi aparılıb.