Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 1990-cı il 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Toplantı iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər. Tədbiri universitetin rektoru, professor, Fərəh Əliyeva açaraq bildirib ki, 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi: “Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Lakin bu ona qarşı törədilən qanlı cinayətdən Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Qeyd etməliyəm ki, qan yaddaşımıza silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Bu qəhrəmanlıq sayəsində də Azərbaycan xalqı özünün yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu”.
Daha sonra tədbirdə Universitetin şəhid məzunları Azər Ələkbərov və Vaqif Əhmədova həsr olunmuş “Son imtahan” filmi nümayiş olundu. Filmin ssenari müəllifi universitetin tələbəsi Minirə Qubatova, rejissoru isə Elşən Şirbağırovdur.
Toplantıdan sonra ADMİU-nun YAP GB-nin, TGT-nin, TİHK-nin üzvləri və bir qrup tələbə şəhid Azər Ələkbərovun büstünü ziyarət edərək üzərinə tər-çiçək dəstələri qoydular.