ADMİU “QALA” DÖVLƏT TARİX-ETNOQRAFİYA QORUĞU İLƏ YARADILAN TELEKÖRPÜDƏ İŞTİRAK EDİB
Multikulturalizmin tarixi kökləri maddi-mədəniyyət abidələrimizdə
22 aprel tarixində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Multikulturalizm ili” çərçivəsində “Qalada mədəniyyətlər qovuşur” devizi altında silsilə tədbirlərin ilkin mərhələsi kimi 18 aprel Beynəlxalq Abidələr və tarixi yerlər günü, həmçinin 22 Aprel Beynəlxalq Yer Kürəsi gününə həsr olunmuş “Multikulturalizmin tarixi kökləri maddi-mədəniyyət abidələrimizdə” adlı tədbir keçirilib.
Konfransda açılış sözü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru çıxış edərək 22 aprel Beynəlxalq Yer Kürəsi günü haqqında informasiya verərək Qalanın əsrlər boyunca insanlararası dialoqa fəal cəlb olunduğunu, Qala qoruğunun multikultural dəyərlərdə rolunu xüsusilə vurğulayıb.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ilə yaradılan telekörpüdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də iştirak edib. Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva , Kulturologiya kafedrasının müdiri, dosent Sədaqət Əliyeva, Muzeyşünaslıq kafedrasının müdiri, dosent Yeganə Eyvazova və tələbələrdən ibarət heyətlə yaradılan telekörpüdə fəal iştirak edərək, tədbir iştirakçılarına maraqlı suallar ünvanlayıblar.
Konfransda multikulturalizmin tarixi kökləri, ən qədim dövrdə mədəni əlaqələr, erkən dövlətlərin təşəkkülündə multikultural dəyərlərin rolu, tranzit yolları üzərində Qalanın tarixi yeri və əhəmiyyəti mövzularında çıxışlar səsləndirilib. Çıxışlar, eləcə də təqdim olunan Azərbaycanda multikulturalizmin izlərini sübut edən artefaktlar konfrans iştirakçılarında böyük maraq doğurub.
Konfransın bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələri trio-muğam konsert proqramı ilə çıxış edib.