
Azərbaycan Kinematoqrafçılar İttifaqı ADMİU-da kino sənətinin tədris prosesinin sənəd-informasiya təminatında mühüm əhəmiyyət kəsb edən, professor-müəllim heyəti və tələbələr tərəfindən həmişə maraqla qarşılanan çap məhsullarından növbəti nəşrləri universitetə hədiyyə edib. ADMİU-nun Kitabxana-informasiya Mərkəzinə daxil olan yeni 4 adda kitabın müvafiq nüsxələri istifadə üçün ixtisas kafedralarının müəllimlərinə təqdim edilib və tələbələrin yaxından tanış olması məqsədilə mərkəzin fondunda komplektləşdirilib.
Kino sənətinin müxtəlif məsələlərini əhatə edən bu mənbələr məzmun cəhətdən xeyli aktuallıq kəsb edir. Belə ki, Robert Makkinin “Hekayə: ssenari yazılmasının əsasları, strukturu, tərzi və qaydaları” adlı əsəri, “Kino terminlərinin izahlı müxtəsər lüğəti”, “Quyu” və “Fokus” adlı jurnallarda Kino və televiziya fakültəsinin tələbələri üçün dəyərli məlumatlar öz əksini tapıb.
Rober Makkinin “Hekayə: ssenari yazılmasının əsasları, strukturu, tərzi və qaydaları” bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisasının tələbələri üçün nəzərdə tutulmuş ən vacib kitablardan biridir. Dünyada Robert Makkinin “Hekayə” kitabını ssenari yazarlığının müqəddəs kitabı kimi qəbul edirlər. Müəllif çox sadə dildə yazdığı bu kitabda, ciddi nümunələrlə ssenari yazarı üçün lazım olan hər şeyi bu kitabda toplamağı bacarıb. Bu dəyərli mənbədə ssenari ilə bağlı nəzəri məsələlərlə yanaşı, dünyaca məşhur filmlərin ssenariləri əsasında təcrübi bilgilər də yer alır. Müəllif yazar və hekayə sənətini, hekayə qurmağın elementlərini, hekayə dizaynını çox sadə şəkildə izah edir. “Hekayə” həm də gənc yazıçılar və dramaturqlar üçün qiymətli mənbədir. Kitabda toxunulan hər bir mövzu ayrı-ayrılıqda ciddi dərslik mahiyyətindədir.
Şahanə Urfan və Şölə Şamıyeva tərəfindən tərcümə və tərtib edilən “Kino terminlərinin izahlı müxtəsər lüğəti”ndə kino sahəsində işlənən terminlər və onların qısa izahları öz əksini tapmışdır. 625 sözdən ibarət olan bu lüğət kino sənəti sahəsində təhsil alan tələbələr üçün mühüm əhəmiyyət kəsb edir.
İldə 4 sayı çap olunan “Quyu” jurnalının məqsədi həm yerli müəllifləri, həm də Azərbaycanda çox da tanınmayan, ilk dəfə tərcümə olunan müəlliflərin esseləri, traktatlarını dərc etməkdir. Başla hərəkatının təsis etdiyi bu jurnalın növbəti 7-ci sayı “Sənət və hadisə” mövzusuna həsr olunub və jurnalın daxilində bölmələr əsasən “İçəridəkilər” (yerli imzalar), “Uzaqdakılar” (xarici müəlliflərin tərcümələri” və “Məqalələrdə adı keçən bütün filmlərin xronoloji ardıcıllıqla siyahısı” başlıqda oxuculara təqdim olunur.
Kino peşəkarlarının və kino həvəskarlarının maraqla izlədiyi peşəkar dərgilərdən biri olan və Gənc Film İstehsalçıları Assosiasiyasının sədri Əli İsa Cabbarovun redaktorluğu ilə nəşr olunan “Fokus” analitik kino jurnalı növbəti 10-cu nömrəsində ənənəvi olaraq Sevda Sultanova, Aliyə Dadaşova, Aygün Aslanlı ilə yanaşı yeni müəlliflər - Qismət Rüstəmov və Hacı Səfərovla da əməkdaşlıq edilib. ana məqsədi “kinomuz hardadır” və “kinomuz hara gedir” suallarına cavab tapmaqdır.
Bütün bu maraqlı nəşrləri ADMİU-ya hədiyyə etdiyinə görə Azərbaycan Kinematoqrafçılar İttifaqına və onun katibi kinorejissor, ssenarist, prodüser Əli İsa Cabbarova dərin təşəkkürümüzü bildiririk.