Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Gələcəyin müəllimi" II musiqi müsabiqəsi keçirilib.
Aprelin 25-də püşkatma mərasimi ilə başlayan müsabiqə iki tur şəklində baş tutub. Nəzəri formada keçən I turda tələbələr musiqi fənni üzrə tərtib olunan suallara cavab verərək, orta məktəblərdə musiqi fənninin dərs saatları hansı şəkildə və üslubda tədris olunmalığını nümayiş etdiriblər. Hər iki universitetin professor və müəllim heyətindən ibarət olan münsiflər iştirak edən tələbələri cavablandırdıqları sual və çıxışlarına uyğun olaraq qiymətləndiriblər. I turun nəticələrinə əsasən II tura keçən musiqi müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr öncədən tərtib olunmuş ifa proqramı ilə ayrı-ayrılıqda çıxış ediblər. Bir Azərbaycan və bir Avropa bəstəkarlarının pyeslərini ifa edən iştirakçı-tələbələr öz ifaçılıq bacarıqlarını nümayiş etdiriblər. Bir-birindən maraqlı ifalar nümayiş etdirən iştirakçı-tələbələr münsiflər tərəfindən qiymətlədiriliblər.
Mayın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) böyük akt zalında müsabiqənin qala konserti keçirilib.
Əvvəlcə ADMİU Rektorun Tədrisdə innovsiyalar üzrə müşaviri professor Validə Məmmədova və ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov açılış nitqi ilə çıxış edərək iki ali təhsil ocağının birgə layihəsi əsasında artıq ikincisi keçirilən bu unikal müsabiqənin gələcəyin musiqi müəllimlərinin stimullaşdırılması və onların peşəkar inkişafına dəstək baxımından olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
Sonra isə qaliblərin təltif olunması mərasimi keçirilib. Əvvəlcə müsabiqədə iştirak edən ADPU və ADMİU tələbələrinə diplom və sertifikatlar təqdim olunub. Daha sonra qaliblərin mükafatlandırılmasına başlanılıb. Müsabiqənin yekun nəticəsinə əsasən, “Duet və ya ansambl” nominasiyası üzrə "Gələcəyin müəllimi" II musiqi müsabiqəsinin Qran-pri mükafatını ADMİU-nun tələbəsi, fleyta ifaçısı Rəhilə Nəzərova qazanıb. “Duet və ya ansambl” nominasiyası üzrə Aynur Bəhmənli (ADMİU) I yerə, Köçəri Məstəliyev və Aygün Vəliyeva (ADPU) II yerə, Zeynəb Zeynalova və Aygün Vəliyeva (ADPU) III yerə layiq görülüb, Şəms Əzizova və Nurlan Həsənov (ADPU) nominasiya üzrə xüsusi diplomla, Sədəfxanım Mehdiyeva və Nigar Quluzadə isə diplomla təltif olunublar. “Müəllim – tələbə dueti” nominasiyası üzrə Aynur Bəhmənli (ADMİU) II yerə, Cəmilə İsmayılova (ADPU) isə III yerə layiq görülüb. “Solo alətlər” nominasiyası üzrə Çinarə Quliyeva (fortepiano, ADPU), Gülsurə İbişzadə (fortepiano, ADMİU), Köçəri Məstəliyev (tar aləti, ADPU) və Gülşən Hüseynova (solo-xanəndə, ADMİU) I yerə, Nuray Əkbər (fortepiano, ADPU), Sevinc Tağıyeva (fortepiano, ADMİU), Murad Bayramlı (tar aləti, ADMİU), Ayxan Səmədov (saz aləti, ADMİU), Zeynəb Zeynalova və Nuray Əkbər (solo-vokal, ADPU) və Əsmər Əlizadə (solo-xanəndə, ADMİU) II yerə, Günay Quliyeva (fortepiano, ADMİU), Günel Hüseynova (fortepiano, ADPU) və Arif Səmədzadə (digər alətlər, ADPU) isə III yerə layiq görülüblər.
Mükafatlandırma mərasimindən sonra qaliblərin qala konserti keçirilib. Konsertdə V.Mustafazadənin “Yollar”, L.F.Pulenkin “İmprovizasiya” №15, xalq mahnısı “O yana döndər məni”, S.Rüstəmovun “Qaytağı”, S.Əliyevanın “Ana”, T.Quliyevin “Qaytağı”, R.Hacıyevin “Bakı haqqında mahnı”, A.Bəbirovun “Prelüd-skertso” mahnıları, “Qarabağ şikəstəsi” zərbi-muğamı və aşıq havası “Urfani” ifa olunub.