BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ PROREKTOR
Gülşən Əliyeva,
filologiya elmləri doktoru, professor

Füzulişünas, ədəbiyyatşünas alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor
Gülşən Teymur qızı Əliyeva 1970-ci ildə Naxçıvanda anadan olub.
Təhsili:
1986-cı ildə Bakı şəhər 6 saylı orta məktəbi, 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
2000-ci ildə “Çağdaş Azərbaycan poeziyasında Füzuli ənənələri” mövzusunda namizədlik, 2009-cu ildə “Azərbaycan füzulişünaslığının tarixi inkişaf mərhələləri” adlı doktorluq dissertasiyası müdafiə edib.
2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Dosent” 2014-ci ildə isə “Professor” elmi adına layiq görülüb.
Əmək fəaliyyəti:
1998-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix muzeyində, Nizami adına Azərbaycan ədəbiyyatı muzeyində elmi işçi vəzifəsində işləyib. G.Əliyeva 2005-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbiyyat və Azərbaycan dili” kafedrasının müdiri, 2012-ci ildən “Tərbiyə işləri üzrə” prorektor, 2015-ci ildən “Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə” prorektor vəzifəsində çalışır.
Bu müddət ərzində o müxtəlif dövlətlərlə - Türkiyə, İran, Rusiya, Polşa, Orta Asiya türk dövlətləri ilə mədəni əlaqələrin qurulması, saziş və müqavilələr bağlanılması sahəsində əhəmiyyətli işlər görüb, qabaqcıl dünya təcrübəsindən bəhrələnmək məqsədi ilə bir çox xarici universitet və beynəlxalq təhsil qurumları ilə əməkdaşlıq etmişdir. Avropa İttifaqının Erasmus+ Proqramı çərçivəsində təşkil edilən müxtəlif layihələrin iştirakçısıdır.
Azərbaycan elm, mədəniyyət və incəsənətinin dünya mədəni prosesinə qoşulması G. Əliyevanın ziyalı kimi əsas məqsədlərindəndir.
İctimai fəaliyyəti:
2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2002-2014 cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev irsinin təbliği” şöbəsinə rəhbərlik edib.
2005-ci ildən tənqidçi və ədəbiyyatşünas kimi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2003-cü ildə “Füzuli sehri” kitabına görə “Yaddaş” milli mükafatına, “Heydər Əliyev irsinin tədqiq və təbliğinə görə” mükafata, 2013-cü ildə “Tərəqqi” medalına, 2014-cü ildə Ədəbiyyatşünaslıq sahəsində xidmətlərinə görə C.Cabbarlı mükafatına layiq görülüb.
Elmi-yaradıcılıq fəaliyyəti:
İran, Türkiyə, Orta Asiya, Rusiya, İspaniya, Fransa, İtaliyada elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib. “Çağdaş poeziya və klassik irs” (2000), “Poetika məsələləri” (2002), “Füzuli sehri” (2003), “Azərbaycan füzulişünaslığı” (2007), “Ədəbiyyatşünaslıqda Füzuli fenomeni” (2009), “Füzuli irsinin əruz kanonları üzrə tədrisi”, “Физуливедение: история и теория ” (2008), “Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal” (2011), “Azərbaycan ədəbiyyatından mühazirə mətnləri” (dərslik 2014), “Füzuli poetikası” (2015), “Sufizm” (2016), “Hüsnü-cəmal, əqli kamal (Nəsimi poetikasından incilər)” (2019), “Xəyal və idrakın vəhdəti (Azərbaycan fəlsəfi - intellektual şeir təmayülü)” (2021) kimi kitab və monoqrafiyaların, Rusiyada, İranda, Türkiyədə və Özbəkistanda çap olunmuş kitabların və 200-dən artıq elmi-nəzəri məqalənin müəllifidir.