ADMİU-nun professor-müəllim heyətinin elmi-tədqiqat və yaradıcılıq-ifa işlərinin təşkili ənənəsi bu təhsil ocağının yaranma tarixi ilə sıx bağlıdır. Müxtəlif illərdə professorlar Mahmud Allahverdiyev, İsrafil İsrafilov, Solmina Dadaşova, Maral Manafova, dosent Aslan Sultanov elm və yaradıcılıq sahəsinə rəhbərlik etmişlər. 2020-ci ildən etibarən Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsi Əməkdar mədəniyyət işçisi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyevaya həvalə edilmişdir.
Universitetin Elm və yaradıcılıq işləri üzrə prorektorluğuna aşağıdakı struktur bölmələr daxildir:
- Elm və yaradıcılıq-ifa işləri şöbəsi;
- Elmi-metodiki Şura;
- Bədii Şura;
- Tələbə Elmi Cəmiyyəti;
- “Mədəniyyət dünyası”, “ADMİU-nun Elmi əsərləri” jurnalları;
- Magistratura və doktorantura bölməsi;
- Arxiv bölməsi.
Elmi sahənin fəaliyyəti aşağıdakı istiqamətlərdə aparılır:
- Kafedralar üzrə elmi-metodiki işin təşkili, əldə olunan nailiyyətlərin dərs prosesinə tətbiqi;
- Universitetin Bədii Şurasına və Fakültə Bədii Şuralarının fəaliyyətinə nəzarət;
- Professor-müəlim heyətinin yaradıcılıq-ifa işlərinin, qabiliyyət tələb edən ixtisaslarda təhsil alan tələbələrin hazırladıqları tamaşa, film, sərgi və musiqi proqramlarının təşkili və idarə olunması;
- Hər il mütəmadi olaraq “Mədəniyyət: problemlər və perspektivlər” adlı Doktorant və gənc tədqiqatçıların Beynəlxalq elmi konfransının və materiallarının dərc olunması işinin təşkili;
- Beynəlxalq, respublika və universitetdaxili konfrans, seminar və digər tədbirlərin keçirilməsi;
- Doktorant, dissertant, magistrant və tələbələrin elmi-tədqiqat, buraxılış işlərinə, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə nəzarət.
ADMİU-da bakalavr və magistr tələbələrin, həmçinin doktorant və dissertantların müasir metodologiyalara əsaslanan elmi-tədqiqat işlərinin təşkilinə böyük diqqət verilir. Tələbələrin elmi-tədqiqat işləri universitet, respublika və beynəlxalq səviyyədə təşkil olunmuş elmi konfrans, seminar, fənn olimpiadaları, yaradıcı layihələrdə öz əksini tapır. Nazirlər Kabinetinin və Elm və Təhsil Nazirliyinin müvafiq qərarlarına əsasən ənənəvi olaraq ADMİU-da “Mədəniyyət: problemlər və perspektivlər” adlı Doktorant və gənc tədqiqatçıların Beynəlxalq elmi konfransları təşkil olunur. Konfransda mədəniyyət və incəsənət təmayüllü başqa ali məktəblərin gənc tədqiqatçıları da iştirak edirlər.
ADMİU-da magistratura və doktorantura səviyyəsində hazırlıq prosesində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq Əsasnamə, Sərəncam və Qərarları rəhbər tutulur. Magistratura hazırlığı prosesində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”, “Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında əsasnamə”, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”, “Magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış Elmi Şuralar haqqında Əsasnamə”, “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”, “Alitəhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları”, “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə” və digər təlimatlar əsas tutulur.
Fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant (dissertant) hazıırlığında 2010-cu il 01 iyul tarixli 129 saylı qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Əsasnamələri və “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 5 iyun 2021-ci il tarixli 159 nömrəli Qərarı rəhbər tutulur.
Hər il magistr və doktorluq dissertasiya mövzularının təsdiq olunma prosesinə xüsusi diqqətlə yanaşılır. Belə ki, magistr və doktorluq dissertasiyalarının mövzuları ali məktəbin kafedralarının elmi-tədqiqat istiqamətlərinə müvafiq işlənilir. Hər bir dissertasiya mövzusu kafedra tərəfindən təqdim olunaraq, Fakültə Elmi Şurasında, Universitetin Əlaqləndirmə şurasında geniş müzakirədən sonra ADMİU-nun Elmi Şurasında təsdiq olunur. Doktorluq dissertasiya mövzuları həmin mərhələləri keçdikdən sonra Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasına təsdiq üçün təqdim olunur.
Elmi hissə tərəfindən magistrantların və doktorantların (dissertantların) Attestasiyasına nəzarət olunur. Attestasiya zamanı gənc tədqiqatçıların dissertasiya üzərində apardıqları elmi-nəzəri iş yoxlanılır, iddiaçıya və elmi rəhbərə kafedra və Fakültə Elmi Şuraları tərəfindən tövsiyələr verilir.