Aprelin 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elm və yaradıcılıq işləri üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Elmi-Analitik Mərkəz tərəfindən
“Elmi işlərə biblioqrafik siyahıların tərtibi” mövzusunda növbəti təlim baş tutub. Magistratura səviyyəsinin II tədris ilində təhsil alan magistrantlar üçün nəzərdə tutulmuş təlim universitetin “Turizm və kitabxana-informasiya fəaliyyəti” kafedrasının müəllimi Kəmalə Məmmədova tərəfindən həyata keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin Elm və yaradıcılıq işləri üzrə prorektoru, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva bildirib ki, magistr dissertasiyalarının tərtibi prosesində qüvvədə olan mövcud norma və qaydaların gözlənilməsi bu gün qarşıda duran ən aktual problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün müntəzəm olaraq magistrantlara magistr dissertasiyalarının yerinə yetirilməsi ilə bağlı metodiki tövsiyələr verilməli, ayrı-ayrı mövzular üzrə akademik təlimlər təşkil edilməlidir.
Təlim K.Məmmədovanın təqdimatı ilə davam etdirilib. Təlimçi ilk növbədə magistr dissertasiyasının yerinə yetirilmə prosesi barədə məlumat verib. O bildirib ki, bu proses olduqca mürəkkəb bir prosesdir və özündə müəyyən mərhələlərə bölünə biləcək ardıcıl fəaliyyət sistemini ehtiva edir. Magistr dissertasiyası tədqiqat mövzusu ilə bağlı qiymətli mənbə olmaqla yanaşı, həm də magistrantın akademik dürüstlüyünü, elmi mədəniyyətini, mövzunu mənimsəmə səviyyəsini və mənbələrinə istinad verdiyi müəlliflərə münasibətdə etik mövqeyini nümayiş etdirir. Sonra o, magistr dissertasiyalarının tərtibi prosesində yol verilən nöqsanlar və onların aradan qaldırılma yolları barədə söz açıb. K.Məmmədova bildirib ki, bu nöqsanların əksəriyyəti tədqiqat prosesinin ilkin mərhələsində mənbələrlə işin düzgün təşkil edilməməsi səbəbindən yaranır. Ona görə də magistrant iqtibaslara (sitatlara) qoyulan tələblərə, istifadə edilmiş ədəbiyyat siyahısının tərtibi qaydalarına və mövcud biblioqrafik təsvir normalarına ciddi riayət etməlidir. Sonda magistr dissertasiyalarının tərtibi zamanı istifadə edilmiş ədəbiyyatın biblioqrafik təsviri ilə bağlı nümunələr nümayiş etdirildi və onların geniş müqayisəli təhlil aparılıb. Təlim magistrantların çoxsaylı sualları ətrafında aparılan müzakirə ilə başa çatıb.