Aprelin 3-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tanınmış qobelen ustası, ADMİU-nun müəllimi Tamilla Abdullayevanın "Bahar" adlı sərgisi açılıb. Universitetin yaranmasının 100 illik yubileyinə həsr olunmuş sərgidə müəllifin qobelen janrında əsərləri nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova Tamilla Abdullayevanın yaradıcılığından söz açıb, onun həm rəssam, həm də pedaqoq kimi yüksək keyfiyyətlərindən bəhs edib.
Daha sonra Xalq rəssamı Arif Əziz, Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva çıxış edərək sərginin məziyyətlərindən danışıb, müəllifə yaradıcılıq uğurları diləyiblər.
Sonda çıxış edən müəllif T.Abdullayeva sərgisinə yaradılan şəraitə görə rektor Ceyran Mahmudovaya və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Çıxışlardan sonra iştirakçılar sərgi ilə tanış olublar.