MƏRKƏZİN ÖLKƏ KİTABXANALARI İLƏ KİTAB MÜBADƏSİLƏSİ
28.03.2023
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi kitabxanalararası sənəd-informasiya mübadiləsi çərçivəsində daha geniş oxucu auditoriyasının nəşrlərə əlçatanlığını təmin etmək məqsədilə son dövrlərdə fəaliyyətini genişləndirir. Hər il universitetin professor-müəllim heyətinin yeni çap olunmuş kitablarının ölkənin müvafiq kitabxanalarına göndərilməsi təşkil edilir. Mərkəz həmçinin, müəllimlərin dosent və professor elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təlimatına uyğun olaraq kitablarını nəzərdə tutulan kitabxanalara çatdırmaqda onlara dəstək göstərir. Bununla əlaqədar, 2023-cü ildən Bakıda yerləşən kitabxanalarla yanaşı regionlarda fəaliyyət göstərən aparıcı kitabxanaların oxucuları da ADMİU müəlliflərinin teatr, kino, musiqi, rəssamlıq və kulturologiyaya dair əsərlərinə çıxışı təmin olunur. Əqli mülkiyyət hüquqlarının tələblərinə əsasən müəlliflərin istəyinə görə kitabların rəqəmsal variantı da kitabxanalara təqdim edilir. Son dövrlərdə mədəniyyət və incəsənətin müxtəlif istiqamətlərinə həsr olunmuş elmi və tədris nəşrləri Azərbaycan Milli Kitabxanası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanası, AMEA Mərkəzi Elmi Kitabxanası, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, Gəncə Şəhər Mərkəzi Kitabxanası, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, ADMİU nəzdində Humanitar Kollec, Azərbaycan Rəssamlıq Akademiyası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakı Xareoqrafiya Akademiyasına hədiyyə göndərilir.