Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Aşıq sənəti” kafedrasının ilk müdiri, hazırda kafedranın məsləhətçi professoru, Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Rəhimovun yaradıcılığına həsr olunmuş “Yenə gəldi yaz ayları” adlı konsert proqramı keçirilib.
ADMİU-nun Aşıq sənəti kafedrasının müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən konsertdə universitetin rektoru professor Ceyran Mahmudova başda olmaqla, ali təhsil ocağının rəhbərliyi, professor-müəllim kollektivi, tələbələr və aşıq sənəti sevərlər iştirak ediblər.
Tədbirin əvvəlində Aşıq Əhlimanın həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş olunub.
Daha sonra Aşıq sənəti kafedrasının əməkdaşları- dosentlər Samirə Əliyeva, Fəzail Orucov, Altay Məmmədov, Hafiz Kərimov, Nemət Qasımov, müəllimlər Murad Səmədzadə, İbrahimli Qəlbinur və tələbələrinin ifasında bir-birindən gözəl aşıq havaları tamaşaçıların ruhunu oxşayıb.