Aprelin 5-də QGallery qalereyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, tanınmış rəssam Mətin Şərifovun “Yaşıl Dünyam” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.
Mərasimdə Universitet rəhbərliyi, tanınmış incəsənət nümayəndələri, sənətsevərlər iştirak ediblər.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru Ceyran Mahmudova Mətin Şərifovun yaradıcılığından danışıb, onun Azərbaycan müasir rəssamlığında tutduğu yerin önəmini vurğulayıb. Rəssama yaradıcılıq uğurları diləyən rektor belə sərgilərin davamlı keçirilməsini arzulayıb.
Açılış mərasimində çıxış edənlər diqqəti sərginin adına çəkərək bildiriblər ki, dünyamız yaşılın sonsuz tonlarını, ahəngli, bəzən də sərt bir şəkildə bizə göstərir. Elə rəssam Mətinin də palitrası dünyamızın milyon yaşılından ilhamlanır. Rəssam müxtəlif janrlara müraciət edərək özünəməxsus, təkrarlanmayan, yeni-yaradıcı stillər yaradıb.
Qeyd olunub ki, Mətin Şərifovun yaradıcılığında naturmort janrı xüsusi yer tutur. O, çoxsaylı əşyaları müxtəlif rəng və formalarda rəsm edib. Bundan başqa, rəssam yaradıcılığında güllərə böyük yer ayırıb. Onun kompozisiyasındakı güllər lirik əhval bəxş etməklə yanaşı, təbiətin dərinliklərindən gələrək insan ruhuna nüfuz edir. Rəssam “Mən və dünya” kontekstində janrlar arası zəngin kolleksiyasını “Yaşıl Dünyam” adlı sərgisində nümayiş etdirir. Bildirilib ki, sərgidə rəssamın 30-dan artıq rəsm əsəri nümayiş olunur.
Sonda çıxış edən rəssam M.Şərifov göstərilən etimada və yaradılan şəraitə görə, QGallery qalereyasına və ADMİU-nun rektoru C.Mahmudovaya təşəkkür edib.
Sərgi 9 aprel 2024-cü il tarixi də daxil olmaqla davam edəcək.