Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Samir Qafarov Sankt-Peterburqda “Dünya rəssamın gözü ilə” yaradıcılıq işlərinin beynəlxalq sərgi-müsabiqəsində 2-ci yeri tutub.
“Dünyada: Sərhədsiz İncəsənət” V Beynəlxalq Festivalı çərçivəsində keçirilən sərgi-müsabiqəyə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Abu Dabi Ali Texnologiya Kollecləri, BƏƏ, Çanaqqala Universiteti (Türkiyə), Gatingo Beynəlxalq Assosiasiyası, Art Mall Qaleriyası, Bhiku Ram Jain Federasiyası (Hindistan), Assosiasiya "Liguria Russia Sanremo", Art Gallery Buzhurina Qaleriyası (İtaliya) kimi həmçinin dünyanın 30 ölkəsindən müxtəlif yaradıcı təşkilatlardan, universitetlərdən tələbələr və peşəkar rəssamlar öz əsərlərini təqdim ediblər.
2 kateqoriya üzrə: tələbələr və peşəkar rəssamlar arasında keçirilən müsabiqə onlayn və oflayn formatlarda baş tutub. 710 yaradıcı iş təqdim olunub, onlardan münsiflər heyətinin üzvləri açıq səsvermə yolu ilə hər nominasiya üzrə qalibləri seçiblər. Nəticədə 193 iştirakçı müsabiqənin qalibi olub.
Samir Qafarov bu müsabiqədə “Metamorfozlar” seriyasından qrafik vərəq əsəri ilə qaliblər arasında 2-ci yerdə qərarlaşıb.
O, bildirib ki, bu seriyadakı vərəqlərin ümumi sayı 21-dir: “Bu əsərləri 2017-2018-ci illərdə yaratmışam, bəziləri artıq 2017-ci ildə Çanaqqalada (Türkiyə) keçirilən beynəlxalq sərgidə iştirak edib. Bu əsərlərdə dünyaya baxışın sürrealist alt mətni var.
Demək olar ki, akademik təfsirdə realist obrazlara üstünlük verirəm, lakin mən surrealistlərin və simvolistlərin əsərlərini zahirən xatırladan məna və eyhamlarla zəngin simvolik-metaforik məkan qururam. Seriyadakı hər bir vərəq mürəkkəb bir semantik tapmacanı təmsil edir”.