Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nizami Əsədov və “Aşıq sənəti” kafedrasının dosenti Hafiz Kərimov Türkiyənin paytaxtı Ankarada işgüzar səfərdə olublar.
Səfər çərçivəsində N.Əsədov öncə Türk Dünyası İncəsənət Universitetləri Birliyinin rektorlarının 3-cü görüşündə iştirak edib.
Sonra ADMİU təmsilçiləri Ankara Musiqi və İncəsənət Universitetində Türkiyə Bəyazay dərnəyinin dəstəyi ilə keçirilən və Aşıq Veysələ həsr olunmuş “I Beynəlxalq Elm, Sənət və Cəmiyyətdə Aşıqlıq ənənəsi” simpoziumuna qatılıblar. Simpoziumda Azərbaycan, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən 23 elm xadimi iştirak edib.
Simpoziumun açılış mərasimində Ankara Musiqi və İncəsənət Universitetinin rektoru professor Ərhan Özdən, rektorun köməkçisi professor Zəfər Kurtaslan, Türkiyə Bəyazay dərnəyinin nümayəndəsi Lütfiyyə İlksən Ceritoğlu, Aşıq Veysəlin nəvəsi Gündüz Şatıroğlu, Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Ömər Faruq Belviranlı, YUNESKO-nun təmsilçisi professor Öcal Oğuz və başqaları çıxış edərək Aşıq Veysəl yaradıcılığından və onun Türk dünyasındakı yerindən danışıblar. Qeyd olunub ki, bu ilin YUNESKO tərəfindən “Aşıq Veysəl ili” elan edilməsi olduqca əhəmiyyətli hadisədir.
Üç gün davam edən simpozium çərçivəsində Aşıq Veysələ və aşıq sənətinə həsr olunmuş panellər, konsertlər, müxtəlif tədbirlər keçirilib.
ADMİU-nun prorektoru Nizami Əsədov və dosent Hafiz Kərimov Ankara səfəri çərçivəsində Ankara Sosial Elmlər Universitetini də ziyarət edərək universitetin rektoru professor Musa Kazım Arıcanla görüşüblər.
Görüşdə universitetlər arası əlaqələrdən, birgə keçirilə biləcək layihələrdən danışılıb, mövcud imkanlar dəyərləndirilib.
Həmçinin, ADMİU təmsilçiləri universitetin dekanı professor Abdullah Şevki Duymaz ilə birlikdə ASBÜ Xəzinə Muzeyini də ziyarət ediblər.