Martın 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univesitetində (ADMİU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova açaraq 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacib olduğunu bildirib.
Rektor qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib. Soyqırım qurbanlarının illər, əsrlər keçməsinə baxmayaraq, heç zaman unudulmayacağını deyən C.Mahmudovanın çıxışından sonra 31 mart soyqırımı qurbanlarının və ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “1918-ci il. Azərbaycanlıların soyqırımı (“Erməni məsələsi” kontekstində)” məruzəsi ilə çıxış edərək mövzu ilə bağlı fikirlərini və tarixi faktları bölüşüb. Erməni məsələsinin yaranma tarixindən başlayaraq, Rus çarı l Pyotrun zamanından ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, eləcə də Azərbaycan xanlıqlar dövründə, Rusiya imperiyasında bu məsələnin durumu haqqında məlumat verən tarixçi alim məruzəsində 1905-1906-ci illər erməni-müsəlman münaqişəsi, 1918-ci il hadisələri və ondan sonrakı dövrün də geniş mənzərəsini yaradıb. Professor qeyd edib ki, həmin qanlı hadisələrin böyük tarixi anlamı və əhəmiyyəti var.
Qeyd olunub ki, daşnaq-bolşevik lideri erməni Stepan Şaumyanın tabeliyində olan 10 min silahlı hərbi qüvvə şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək, təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürüblər. Ümumilikdə isə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilib, bir çox önəmli tikililərə və tarixi abidələrə od vurularaq yandırılıb.
Erməni bolşeviklərinin soyqırım siyasəti nəticəsində erməni silahlı dəstələrinin təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Qarabağda, Naxçıvanda və digər şəhər və kəndlərdə on minlərlə azərbaycanlını xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirildiyi bildirilib.
Sonda tarixçi alim Solmaz Rüstəmova-Tohidi müəllifi olduğu kitabları ADMİU-ya hədiyyə edib.