Martın 21-də Türk Dünyası İncəsənət Universitetləri Birliyinin rektorlarının 3-cü görüşü keçirilib. Ankara Musiqi və İncəsənət Universitetinin rektoru Erhan Özdenin sədrliyi ilə baş tutan iclasda Özbəkistanda keçirilən görüş dəyərləndirilib, eləcə də ortaq əlifba və ortaq musiqi dilinin izah ediləcəyi genişləndirilmiş lüğət araşdırması aparmaq, Türk dünyası və qohum toplumlar da daxil olmaqla memarlıq və şəhərçilik sahələrində inventar hazırlamaq, Türk dünyasında uşaq və gənclər üçün rəqəmsal məzmun hazırlamaq barədə danışıqlar aparılıb.
Həmçinin, sözügedən iclasda ittifaq üzvlərinin Orxon Mübadilə Proqramına daxil edilməsi və üzv ölkələrdəki digər universitetlərin də iştirakı, onların bu proqramda iştirakının təşviq edilməsi, TÜRKSOY İncəsənət Təqaüdü proqramının həyata keçirilməsi üçün işlərin başlanması, Türk Dünyası İncəsənət Tarixi kitabının hazırlanması üçün işlərin başlanması, Türk Dünyası sənət tarixinin bir dərs kimi ayrıca tədris proqramına əlavə olunmasını təmin edərək, birliyin işini səmərəli şəkildə həyata keçirmək üçün ortaq bir çərçivə quraraq, ofis və ya institutların yaradılması istiqamətində işlərə başlamaq və sayının artırılması da müzakirə olunub.
İclasda Türk Dünyası İncəsənət Universitetləri Birliyinin 4-cü Toplantısının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi qərara alınıb.
İclasdan sonra Birlik üzvləri Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rektoru professor Eldor Şermanov, Qırğızıstan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Tumonbay Koldoşov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Nizami Əsədov universitetlərin akademik-inzibati heyəti və tələbələrlə birlikdə Atatürkün Anıtqəbrini ziyarət ediblər.