Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudovanın başçılığı ilə universitetin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdədir.
25-28 mart tarixlərində Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetinin təşkilatçılığı ilə universitetin 100 illik yubileyi və 27 mart Ümumdünya Teatr Günü şərəfinə keçirilən Beynəlxalq Etüdlər Festivalının yarışları martın 27-də baş tutub.
Gürcüstan, Azərbaycan, Çin, Yunanıstan, Macarıstan, İsrail, Litva, Polşa və başqa ölkələrdən 19 komandanın mübarizə apardığı yarışda Azərbaycanı təmsil edən ADMİU-nun tələbələri uğurla çıxış ediblər.
ADMİU-nun SABAH Mərkəzi SBAS22 qrupu (Heyran Abdullayeva, Məhəmməd Gülmalıyev, Atilla İbrahimli) “Nənəmin xalçası” etüdü ilə “Ən yaxşı səhnə/kostyum dizaynı” nominasiyası üzrə festivalın qalibi olublar.
Qeyd edək ki, müəllim İradə Gözəlovanın tələbələri fevralın 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 30 illiyinə həsr olunmuş ETÜD müsabiqəsində qalib gələrək sözügedən festivala qatılmağa haqq qazanmışdılar.