Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudovanın başçılığı ilə universitetin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdədir.
25-28 mart tarixlərində Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Etüdlər Festivalına qatılan nümayəndə heyəti bir sıra rəsmi görüşlər də keçirib.
Beynəlxalq Etüdlər Festivalı hər il 27 mart Ümumdünya Teatr Günü şərəfinə keçirilir. Festival çərçivəsində martın 26-da yeddi ölkənin (Azərbaycan, Çin, Yunanıstan, Macarıstan, İsrail, Litva və Polşa) universitetləri arasında əməkdaşlıq bəyannaməsi imzalanıb. Azərbaycan tərəfini əməkdaşlıq bəyannaməsində ADMİU təmsil edib.
Bəyannamənin məqsədi dramatik sənəti inkişaf etdirmək və ölkələr arasında mədəni əlaqələri gücləndirməkdir.
İmzalanma mərasimində Gürcüstanın mədəniyyət və idman naziri Teya Tsulukiani, Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetinin rektoru Giorgi Şalutaşvili, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova və başqaları çıxış edərək Festival haqqında fikirlərini bölüşüb, əməkdaşlıq bəyannaməsinin önəmini vurğulayıblar.
ADMİU-nun nümayəndə heyətinin də daxil olduğu qonaqlar martın 26-da Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetinin Kukla Teatrı ixtisaslaşması üzrə tələbələrinin tamaşalarını izləyiblər. Həmçinin, rektor Ceyran Mahmudova, rektorun müşaviri Validə Məmmədova, ADMİU-nun müəllimi, Əməkdar artist Nofəl Vəliyev və tələbələr universitetdə aktyor sənəti üzrə təhsil alan tələbələrin ustad dərslərində də iştirak ediblər.
Festival rəsmi-işgüzar görüşlər və tələbələrin ustad dərsləri ilə davam edir.