Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Musiqi sənəti fakültəsi tərəfindən Musiqi terapiyasına həsr olunmuş tədbir keçirilib.
Məlumat xarakterli tədbirdə çıxış edən “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, professor Kamilə Dadaşzadə qeyd edib ki, bir neçə ay öncə ADMİU-da ilk dəfə musiqi, psixologiya və təbabətin vəhdətini əks etdirən “Musiqi Terapiyasına Giriş” adlı təlim kursu keçirilib. 6 həftə müddətində tədris edilən proqramın fundamental məqsədi təlim iştirakçılarına musiqi terapiyasının əsaslarını göstərmək, bu sahədə zəruri hesab edilən bilik və bacarıqları aşılamaq, o cümlədən, musiqinin somatik və psixi xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi və reabilitasiyasında mühüm vasitələrdən biri kimi tətbiq edilməsi yollarının təfərrüfatlarını izah etmək olub.
Dərslər əslən Azərbaycanlı, lakin uşaq yaşlarından Amerikaya köçmüş Nyu-York və Havayda lisenziyalı klinik psixoloq olan psixologiya üzrə fəlsəfə doktoru, Fulbrayt təqaüdçüsü Elnur Hacıyev tərəfindən tədris edilib. Təlimdə ADMİU-nun və başqa ali məktəblərin müəllimləri iştirak ediblər və kursu müvəffəqiyyətlə başa vuran bütün iştirakçılara universitet tərəfindən sertifikat təqdim edilib.
Sonra ADMİU-nun sözügedən kursda iştirak etmiş müəllimlərindən Aysel Əzizova tərəfindən Musiqi terapiyası haqqında məruzə dinlənilib. Məruzəçi musiqi terapiyasının tarixi və bu günü, tətbiq sahələri haqqında danışıb, insan psixologiyası və ruhi sağlamlığı üçün faydalarından bəhs edib.
Tədbirin sonunda ADMİU-nun prorektorları Nigar Rüstəmova və Sədaqət Əliyeva çıxış edərək məruzəçiyə öz təşəkkürlərini bildirib, musiqi terapiyasının önəmini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqi terapiyasının akademik səviyyədə tədris olunması nəzərdə tutulub.