Fevralın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Gənclər Günü münasibəti ilə “Sağlam gənclik, sağlam gələcək” adlı tədbir keçirilib.
Öncə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gənc yaşında şəhidlik məqamına ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva Gənclər günü münasibəti ilə bütün tələbələri, gəncləri təbrik edərək bu günün tarixindən, önəmindən bəhs edib, bildirib ki, bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. S.Əliyeva ADMİU-nun I Qarabağ və 44 günlük Vətən müharibələrində şəhid olmuş tələbələrini, məzunlarını xatırlayaraq bildirib ki, Azərbaycan gəncliyi hər zaman öz vətənpərvərliyi, cəsarəti ilə seçilib.
Sonra Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin aparıcı məsləhətçisi Cəmilə Rzayeva çıxış edərək Gənclər gününün tarixindən söz açıb. Bildirib ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.
Daha sonra Sosial Xidmətlər Agentliyinin İnsan Resurslarının idarə edilməsi departamentinin müdir müavini Ülkər Şahbazova, jurnalistlər Günay Sevinc və Şahnun Qasımova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi-Klinik sosial işçi Aynur Hacıyeva, Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin aparıcı mütəxəssisi Orxan Muxtarlı, ADMİU-nun Sosial-mədəni fəaliyyət kafedrasının müəllimləri, sosial işçilər Ülkər Rzayeva və Günel İbrahimova çıxış edərək tələbələri və gəncləri əlaqmətdar gün münasibəti ilə təbrik edib, ölkəmizdə inkişaf etməkdə olan gənclər siyasətindən danışıblar.
Tədbirin bədii hissəsində universitetin Solo oxu ixtisasının II kurs tələbələri Əvəzxan Əzizov və Sərxan Mirzəyevin ifasında musiqi nömrələri təqdim edilib.