Fevralın 1-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində X “Gəncliyin səsi” Festivalının açılış mərasimi keçirilib.
Gənclər Günü münasibətilə keçirilən ikihissəli tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsi “Tomrisin sorağında” adlı sərgi ilə çıxış edib. Sərgidə ADMİU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aysel Əzizovanın dizayn etdiyi geyimlər nümayiş olunub.
Tədbir çərçivəsində, həmçinin, aşıq sənətinə həsr edilmiş konsert proqramı təqdim olunub. ADMİU-nun müəllim və tələbələrinin də iştirak etdiyi konsertdə aşıq sənəti dinləyicilərə müxtəlif formalarda təqdim olunub - ənənəvi və bəstəkar yaradıcılığında, eləcə də piano alətində işlənilmiş aşıq havaları, bununla yanaşı, müxtəlif dövrlərdə yaşamış aşıqların sözlərinə yazılmış mahnılar xanəndə və xor kollektivi tərəfindən ifa edilib.