ADMİU-DA MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN 140 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB
ADMİU-DA MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN 140 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB
31.01.2024
30 dekabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
31 yanvar 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Sosial-mədəni fəaliyyət” kafedrası və “Sosial-siyasi elmlər” kafedrasıbın birgə təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi bağlı dəyirmi masa keçirilib. Dəyirmi masada Tədris İşləri üzrə prorektor dosent Nigar Rüstəmova, Elm və Yaradıcılıq İşləri üzrə prorektor dosent Sədaqət Əliyeva, “Sosial-siyasi elmlər” kafedrasının müdiri professor Xaləddin Sofiyev və “Sosial-mədəni fəaliyyət” kafedrasının müəllimləri professor Mübariz Süleymanlı və Elçin Sərdarov çıxış ediblər.
Qeyd olunub ki, Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.