Yanvarın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi (ADMİU) Qanlı Yanvar faciəsinin 34-cü ildönümü münasibəti ilə Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş Vətən övladlarının müqəddəs xatirəsini ehtiramla anıb, şəhidlərin məzarları üzərinə təzə tər qərənfillər qoyub.
Daha sonra həmin gün universitetdə faciənin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılmasıyla başlayıb.
ADMİU-nun prorektoru, dosent Sədaqət Əliyeva açılış nitqində 1990-cı il 20 Yanvar gecəsiylə bağlı xatirələrini bölüşüb və 34 il əvvəl Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin dərin hörmətlə yad olunduğunu deyib.
ADMİU-nun tələbəsi Azər Ələkbərovun da 20 Yanvar faciəsində şəhid olduğunu xatırladan xanım prorektor qeyd edib ki, o gecə baş verənləri neçə illər keçməsinə baxmayaraq, heç bir azərbaycanlı unutmur və unutmayacaq.
S.Əliyeva vurğulayıb ki, bu mübarizədə xalqımızın iradəsi sınmadı, milli ruhu sarsılmadı. 30 il sonra xalqımız minlərlə şəhid verərək ölkəmizin suverenliyini bərpa etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz işğal olunmuş torpaqları öz canları hesabına geri qaytardı.
ADMİU-nun “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli deyib ki, bu gün qazanılan böyük qələbədə bu faciələrin və onda həyatını itirmiş şəhidlərin böyük rolu var. Həmin günlə bağlı öz xatirələrini bölüşən Ə.Əmirli Azərbaycan tarixininşanlı səhifəsi, azadlığa gedən yolun ilk cığırı olan 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını vurğulayıb.